İpoteka götürməyə dəyər ya yox? Özünə mənzil almaq arzusunda olan potensial bank müştərisinin qarşısına çıxan əsas suallardan biri məhz budur. Dünyadakı hər şey kimi ipotekanın da mənfi və müsbət tərəfləri vardır. Bir halda o çoxlu fayda, digər halda isə kifayət qədər başağrısı gətirə bilər.
Gün-güzəranı yaxşı olanlar ipoteka götürməyə tələsmir. Bu krediti, əsasən, öz həyatını müsbətə doğru dəyişmək istəyənlər, “ayrıca bir evim olsun” deyənlər götürməyə çalışır. Əksər hallarda ipotekanı o adamlar ala bilir ki, ev almaq üçün müəyyən qədər pul yığıblar, lakin bu kifayət etmir. Belə ki, banklar evin tam dəyəri civarında kredit vermir və bəzən ilkin dediyimiz ödəniş məbləğin 50%-nə qədər gəlib çıxır. Sizin əldə etdiyiniz fayda mənzil probleminin həllidir. Amma əvəzində ikiqat qiymət ödəməli olursunuz.
İpotekanın mənfi cəhətləri
Yüksək dəyər
Başlıca problemlərdən biri kreditlərin faizləridir. Bu rəqəm sosial ipotekada 4%, adi ipotekada isə 8% təşkil edir. Uzunmüddətli olduğu üçün kredit adi istehlak və digər kreditlərdən daha baha başa gəlir. Qeyd etdiyimiz faizlər dövlətin İpoteka Fondu hesabına maliyyələşdirilən kreditlərdədir. Ayrılan vəsaitin azlığı səbəbindən bu kreditləri heç də hamı ala bilmir və banklarda ipoteka növbələri formalaşır. Bankların daxili maliyyələri hesabına verilən kreditlər isə daha yüksəkdir (10-16%). Əhalinin çox cüzi bir hissəsi ipoteka almağa müyəssər olur. İpoteka Fondu hesabına indiyə qədər verilən kreditlərin sayı 14,134-dür. Mənzil tələbatı olan insanların sayı isə 2-3 milyondur. Bu da onu göstərir ki, tələbat qarşılanmır.
Ödənişlərin uzunmüddətli olması
İpoteka uzun müddətə rəsmiləşdirilir. Bu müddət 30 ilə qədər uzana bilər. Bütün bu müddət ərzində aylıq olaraq vaxtlı-vaxtında ödəniş etmək lazımdır. Aylıq ödənişlərin də miqdarı az deyil. Buna görə də bir çoxları uzun illər ərzində digər dəbdəbədən imtina etməli və qənaət etməli olur. Qeyd edək ki, daşınmaz əmlakda qiymət artımları müşahidə olunur. Evlərin qiyməti də olduqca yüksəkdir. Lakin bu tendensiyanın qırılması və qiymətlərin kəskin düşməsi baş verə bilər. Belə halda insanlar indi baha qiymətə rəsmiləşdirdiyi kreditə görə ödəniş etməli olacaqlar.
Daima mənzili itirmək qorxusu
İnsanlar gəlirləri stabil hal alanda və həyatları müəyyən axara düşəndə ipoteka üçün müraciət edir. Prosedurların, sənədlərin və gəlirlərə olan tələbin yüksəkliyi nəticəsində ipotekanı almaq hər kəsə nəsib olmur. Krediti ala bilənlər həqiqətən məsuliyyətli olur və heç kəs bu qədər pul ödədiyi mənzili itirmək istəmir. Amma həyat gözlənilməzliklərlə doludur. 25 il ərzində çox şey dəyişə bilər. Siz xəstələnə, öz əmək qabiliyyətinizi, həyat yoldaşınızı və ya işinizi itirə bilərsiniz. Heç kəs əmək haqqının itirilməsindən sığortalanmayıb. Lakin ödənişlərdəki mütəmadiliyi təmin edə bilməsəniz və ödənişləri həyata keçirə bilməsəniz, onda həmin mənzildən məhrum edilə bilərsiniz. Belə ki, yeni aldığınız mənzil bankda girovdadır. Borcunuzu ödəmək üçün vəsait çatmasa, bank mənzili müsadirə edə və borcların ödənməsi üçün onu satışa çıxara bilər.
Rəsmiləşdirmənin çətinliyi
İpotekada söhbət həmişə iri məbləğlərdən gedir və belə bir xidmət heç də hər kəs üçün əlçatan deyil. Vəsait əldə etmək üçün ödəmə qabiliyyətiniz kifayət qədər yüksək olmalıdır. Həmçinin sizə uzun bir sənəd siyahısı təqdim olunacaq ki, onu toplayasınız. Hər biri əlavə vaxt və məsrəf tələb edəcək. Siz bütün prosesləri həll edib, sənədləri qaydaya saldıqdan və bank yoxlamasından keçdikdən sonra da bankın müsbət cavabı üçün müəyyən müddət gözləməli olacaqsınız. Bütün bu proseslər sizdən əlavə enerji, zaman və maddi vəsait tələb edəcək.
İpotekanın hansı üstünlükləri vardır?
Mənzil problemini həlli. Daşınmaz əmlak almaq üçün götürdüyünüz kreditlə siz öz yaşayış şəraitinizi yaxşılaşdırmaq üçün inanılmaz fürsət əldə edirsiniz. Bu, ipotekanın ən başlıca üstünlüyüdür. Əlbəttə ki, siz qənaət edib pul yığmağa çalışa bilər və ya kirayədə qala bilərsiniz. Nəticədə, siz daha çox pul itirmiş olacaq və sonda yenə də şəxsi mənzilsiz qalacaqsınız. Digər bir variant öz pulunuzu yığmaqdır. Amma bu müddət ərzində mənzil qiymətləri qalxır, pul qiymətdən düşür, həm də sizə rahat yaşaya biləcəyiniz bir yer lazımdır.
Qənaət imkanı. Təəccüblü olsa da, mənzilin kreditlə rəsmiləşdirilməsi zamanı vəsaitlərin bir hissəsinə qənaət etmək imkanı yaranır. Bu, xüsusi güzəşt qrupuna düşənlərə aiddir. Yeni evlilər, hərbçilər - onlar mənzili 8 deyil, daha ucuz 4%-lə ala bilər. Həmçinin ilkin ödəniş məbləği daha aşağıdır.
İnvestisiya. Kreditlə mənzil alaraq, siz həm öz vəsaitinizi, həm də borc aldığınız pulu investisiya etmiş kimi olursunuz. Belə ki, yaxşı ev illər ötdükcə demək olar ki, özünün ilkin qiymətini itirmir. Onu həmişə daha baha qiymətə satmaq imkanı var (Təbii ki, evi alarkən qiymət şişirdilmiş olmazsa. Bu deyilənlər böhran dövrünə aid deyil). Yəni, tikinti bumu zamanı alınmayan evi həmişə aldığın qiymətdən baha satmaq imkanı var.
Gördüyünüz kimi, ipotekanın kifayət qədər mənfi cəhətləri vardır və bunlar onu heç də müştərilər üçün sərfəli etmir. Amma qısa müddət ərzində mənzil almağın bəlkə də yeganə mümkün üsulu olaraq qalır. Təbii ki, söhbət bir dəfəyə mənzilin dəyərini ödəyəcək qədər maddi vəsaiti olmayan vətəndaşlardan gedir. Ona görə də ipoteka dilemması son nəticədə bir suala söykənir: Siz, artıq elə sabahdan öz mənzilinizdə yaşamaq imkanı üçün banka pul ödəməyə hazırsınızmı?
Könül Soltanova/Banco.az