Fariz Əzizov PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fariz Əzizov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib və 2007-2009-cu illərdə Böyük Britaniyada Lancaster University Business School-da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Son illər Fariz Əzizov Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini, Bakı Fond Birjasının İdarə Heyətinin sədri, İcbari Sığorta bürosunun İcraçı direktoru vəzifələrində çalışmış, müxtəlif illərdə Dünya Bankı və AR Hökuməti ilə birgə reallaşdırılan layihələrə rəhbərlik etmişdir. Həmçinin Fariz Əzizov Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.