Neft Fondunun aktivlərinin azalmasının səbəbləri məlum oldu
Samir Əliyev: «DNF dövlət büdcəsinə transfertləri ixtisar etmək məcburiyyətindədir»
Bir tərəfdən neftin qiymətinin ucuzlaşması, digər tərəfdən dollar-avro kursunda kəskin dəyişmələr Azərbaycan Dövlət Neft Fondunun aktivlərinə təsirini göstərməkdədir. Belə ki, cari ilin 3-cü rübünə dair məlumata görə Neft Fondunun büdcə gəlirləri 5,5 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. Gəlirlərin azalması DNF-ni xərclərində ixtisarlar aparmasına məcbur edib. Əgər ötən ilin yanvar-sentyabr aylarında 8 milyard manat xərcləmişdisə, bu il bu rəqəm 6.3 milyard manata qədər azaldılıb. İlin 9 ayında DNF-nin büdcə kəsiri isə 853 milyon manat olub.
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,6 milyard manat vəsait dövlət büdcəsinə transfert edib. Qeyd edək ki, büdcəyə bu il üçün 10.3 milyard manat transfert proqnozlaşdırılıb. Qarşıda yalnız bir rüb qalıb, amma proqnozlaşdırılan köçürmənin yarısı həyata keçirilib. Belə aydın olur ki, DNF transfertlərin 30-40 faizə qədərini ixtisar edə bilər.
2015-ci il oktyabrın 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 6,38 faiz azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub.
Fondun aktivlərinin 2.3 milyard manat azalmasının səbəblərinə gəlincə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində bunu, əsasən, iki amillə əlaqələndirdi. "Birinci səbəb valyutaların dəyişməsindən yaranan fərq, digəri isə aktivlərdən istifadə edilməsidir: "Bu ilin əvvəlindən neftin qiymətində ucuzlaşma davam edib. Azərbaycan neftinin 9 aylıq orta qiyməti 57 dollar olub. Halbuki büdcədə neftin baza qiyməti 90 dollardan hesablanıb. Bir tərəfdən "qara qızıl"ın ucuzlaşması, başqa tərəfdən hasilatdakı azalma Neft Fondunun büdcəsinin icrasında problemlər yaradıb. Fondun dövlət büdcəsi qarşısında 10.3 milyard manat öhdəliyi var. Eyni zamanda özünün də müəyyən xərcləri var ki, onları icra etməlidir. Fevral ayında manatın devalvasiyası imkan verdi ki, neftin ucuzlaşmasından dəyən zərər müəyyən qədər kompensasiya olunsun. Amma devalvasiya tam kömək etmədi, ilin 9 ayında büdcəsində 853 milyon manat kəsir yaranıb. Aktivlər 2.3 milyard azalıb. Azalmanın səbəblərindən biri əsas valyutaların dollara nisbətdə ucuzlaşmasıdır".
S.Əliyev əlavə etdi ki, DNF-nin aktivlərinin 47.8 faizi dollarda, 35.9 faizi avroda saxlanılır: "Daha sonra funt-sterlinq, türk lirəsi, rus rublu və sair valyutalar gəlir. Dollar digər valyutalar münasibətdə bahalaşdığına görə Fondun aktivləri də azalıb. Misal üçün, üçüncü rübdə yalnız avro və yapon yenasında dollara nisbətdə bahalaşma olub-0.3 faiz və 2.1 faiz. Funt-sterlinq 3.7 faiz, türk lirəsi 13.1 faiz, rus rublu 18.1 faiz, Avstraliya dolları 8.9 faiz, Koreya vonu 6.3 faiz, yuan 2.6 faiz, qızıl 4.8 faiz ucuzlaşıb".
Ekspert DNF-nin aktivlərinin bir hissəsinin istifadə edildiyini də istisna etmir: "3-cü rübə görə, büdcədə yaranan 853 milyon manatlıq kəsirin örtülməsi xaricdəki aktivlərin ölkəyə gətirilməsi hesabına baş verib. Yalnız 3-cü rübdə aktivlərin 1 milyard dollar azalması heç də valyutaların dəyişməsi hesabına baş verə bilməz. Hesabat dövründə göstərilən son rübdə aktivlərin dollardakı payı 1.3 milyard azalıb. Bunun da başlıca səbəbi dolların bir hissəsinin Yaponiyada daşınmaz əmlakın alınmasına yönəlməsi və qalan qisminin ölkəyə gətirilməsidir. Qeyd edim ki, aktivlərdə avronun və funt-sterlinqin payı artıb".
S.Əliyevə görə, DNF dövlət büdcəsinə transfertləri ixtisar etmək məcburiyyətindədir: "Artıq bunu dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda da görmək olur. Transfertlərdə ixtisarlar Fondun vəziyyətini nisbətən düzəldəcək. 2015-ci il üçün büdcədə neftin qiyməti 90 dollardan hesablananda Neft Fondunun 1.6 milyard manatlıq kəsiri proqnozlaşdırılmışdı. Fondun bu il üçün 11.8 milyardlıq xərci proqnozlaşdırılırdı ki, onun da 10.3 milyardı büdcəyə transfert ediləcəkdi. Amma son statistika göstərir ki, Fondun yarım ildə icra etməli olduğu öhdəlikləri 9 aya ancaq həyata keçirib. Çox güman ki, ilin sonuna kimi DNF-nin aktivlərindən yeni istifadə olunacaq. Hazırda aktivlərinin həcmi 34.7 milyard dollardır. İlin sonuna kimi sözügedən qurumun aktivləri 34 milyard dollardan aşağı düşə bilər. Çünki neftin qiymətinin artması gözlənilmir. Əksi baş verərsə, itkilər kompensasiya oluna bilər".