Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb.
"Report" "Sputnik-Georgia.ru" saytına istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% - yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub.
Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.
Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.