Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bəzi ekspertlərin fikrincə 2024-cü ildə Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir.
Mütəmadi olaraq müzakirə edilən bu məsələ ilə bağlı Banco.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirdi ki, Nazirlər Kabinetinin “Aİ-92” markalı benzinin və dizel yanacağının aksiz dərəcələri ilə bağlı verəcəyi qərar ilin sonunda belə müzakirələrin daha çox intensivləşməsinə təsir edən səbəblərdən sayılır:
“ Sonuncu dəfə 2022-ci ilin avqust ayında Nazirlər Kabineti belə bir qərar vermişdi. Məlumata əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılmışdı. Dekabr ayında Nazirlər Kabinetinin Azərbaycanın daxilində istehsal edilən və satılan, xüsusilə “Aİ-92” markalı benzinin aksiz dərəcələrini artırıb artırmayacağı hələlik məlum deyil.
2024-cü ilin büdcə proqnozlarına baxdıqda biz daxili bazar üzrə xüsusilə də SOCAR istiqamətindən gələn gəlirlərin kəskin şəkildə artacağına dair proqnoz görmürük. Bu o deməkdir ki, qiymətlərin artırılması böyük ehtimalla gözlənilmir. Amma mövcud şərait və vəziyyətdən asılı olaraq Nazirlər Kabineti həmin dövrə uyğun olaraq xüsusilə də aksiz dərəcələrinin artırılması ilə bağlı qərarlar qəbul edə bilər. Əgər neftin qiymətində təxminən 15 -20 faizlik bahalaşma olarsa Azərbaycanda benzinin qiyməti də arta bilər".
Nə 2024-cü ilin büdcə proqnozlarında, nə də Hesablama Palatasının rəyində “Aİ-92” markalı benzinin aksiz dərəcələrinin artırılması ilə bağlı məqamlara rast gəlinmədiyini ifadə edən iqtisadçı düşünür ki, hökumət 2024-cü ilin birinci rübünə qədər Azərbaycanın daxilində satılan 92 markalı benzinin və dizelin qiymətlərini artırmaq haqqında düşünməyəcək:
“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsal gücü üçün hasilatın iki-üç milyon tona qədər yüksəlməsi nəzərdə tutulub. Zavodun istehal gücü 7.5 milyard tondur. Bu baxımdan zavodda “Aİ-92” markalı benzinə olan ehtiyacın “Avro 5” standartlarına keçidin təminatı mümkün olarsa, istehlakçıların tələbləri tam olaraq qarşılanarsa, o zaman ölkə daxilində bu markalı benzinin qiymətini sabit saxlamaq mümkün olacaq. Ancaq bunun üçün yenə də bir çox sahələrdə dotasiya tələb olunur. Çünki Azərbaycan bazarı böyük bazar deyil və kiçik istehsal adətən ziyanla üzləşir”.
Ekspertin növbəti ehtimalı qiymətlərin tələb və təklif arasında yarana biləcək disbalans nəticəsində dəyişəcəyi ilə bağlıdır.
“Avro-5” standartına keçidlə əlaqədar olaraq Azərbaycanda son illərdə idxal edilən avtomobillər yalnız “Aİ-95” premium markalı benzinlərdən istifadə etməklə istismara yarayır.
Proqnozlar da bu markadan olan benzinlərə tələbatın artacağı istiqamətindədir. Tələb artacağı təqdirdə həmin kateqoriyadan olan benzin növü üzrə qiymətlərin bahalaşması gözlənilir. Bu baxımdan zavodda “Aİ-92” markalı benzinə olan ehtiyacın “Avro 5” standartlarına keçidin təminatı mümkün olarsa, istehlakçıların tələbləri tam olaraq qarşılanarsa, o zaman ölkə daxilində bu markalı benzinin qiyməti ən azından sabit saxlamaq mümkün olacaq. Yəni daha çox qiymət artımını “Aİ-95” və “Aİ-98” premium markalı idxal olunan benzinin qiymətində gözləyə bilərik.
“Aİ- 92” markalı benzinin qiyməti ilə bağlı isə Tarif Şurası qərar verməlidir. Bu da neft emalı zavodunda həyata keçirilən yenidənqurma, modernləşmə işlərindən və ora ayrılacaq xərclərin artıb artmamasından asılı olan bir məsələdir”.
Bizi sosial şəbəkələrdən izləyin!!