Gündən-günə inkişaf edən cəmiyyətimizdə insanların peşəyə olan münasibəti də dəyişməkdədir. Sual yaranır ki, hansı peşəyə tələb artmaqdadır?
Müasir dövrdə bəzi ixtisaslar ixtisar olunub iş mühitindən uzaqlaşdıqca, əksinə yeni peşələr onları əvəz etməkdə davam edir. Bu baxımdan gələcək fəaliyyətini hələ də təyin etməyənlər üçün belə bir araşdırmanı sizlərə təqdim edirik.
Marketinq (SEO, Digital, SMM). Hal-hazırda bu sahələr ölkəmizdə inkişaf etməkdə olsa da professionalların çatışmamazlığı özünü biruzə verməkdə davam edir. Nə etməli? Bu sahədə təhsil almaq işin professionalı olmaq anlamına gəlmir. Bunun üçün siz özünüzü yetişdirməli və ilk növbədə xarici dil biliklərinizi artırmalısınız. Məlumdur ki, öz dilimizdə ciddi kontent çatışmamazlılığı mövcuddur. Xarici dil biliyi sizə həm araşdırma aparmaqda, həm də xarici şirkətlərdə təcrübə keçib, əməkdaşlıq etməyə yardımçı ola bilər.
Biznes analitik. Bu sahə digər yeni sahələrlə müqayisədə daha erkən yaranıb. Amma buna baxmayaraq, zamanın inkişafı da bu sahə sahiblərinə olan tələbləri artırıb. Yəni bu peşəyə hələ də ehtiyac qalmaqdadır.
Developer, proqramçı. Bu sahə hal-hazırda ən aktual sferalardan biridir desək yəqin ki, yanılmarıq. Bu sahələr də öz daxilində bir neçə hissədən təşkil olunublar. Yaxşı olar ki, sahəni seçərkən hansında daha çox maraqlı olduğunuzu dəqiq təyin edəsiniz.
Dəstək, kontent, məlumat bazası ilə bağlı işlər. Bu işlərdə də işin texniki hissəsini bilməklə bərabər problemləri həll etmək üçün xarici dil bilikləri vacib xarakter daşıyır. Bir çox hallarda xarici şirkətlər öz işlərinin müəyyən hissəsini başqa şirkətlərə həvalə edirlər. Buna misal olaraq, İngiltərə, Amerika şirkətlərini misal göstərmək olar. Belə şirkətlər əsasən özlərinə aid IT işlərini Hindistan, Çin kimi ölkələrin şirkətlərinə həvalə edirlər. Bunun səbəblərini təyin etmək heç də çətin deyil. Belə ki, ilk növbədə inkişaf etmiş ölkələrdə bu işi həyata keçirəcək şirkətlər olduqca yüksək məbləğlər tələb edirlər. Bir digər tərəfdən Hindistan kimi ölkələrdə IT sahəsini kifayət qədər yaxşı bilən insanlar mövcuddur. Yəni işinizi yüksək səviyyədə öyrənməklə və xarici dil biliklərini inkişaf etdirməklə ştatdan kənar işçi kimi çalışa bilərsiniz.
Dizayn. Hər məhsul və ya xidmətin tanıtıma ehtiyacı olduğu kimi vizual görüntü də önəmli rol oynayır. Dizaynsız satışın və tanıtımın effektivliyini artırmaqla bərabər ona xüsusi məna da qazandırır. Özünüzə uyğun dizayn sahəsini seçməklə gələcək karyeranızı qarantiyə ala bilərsiniz.
Layihə meneceri. Hal-hazırda bu sahə yeni inkişaf mərhələsindədir. Layihə menecerliyi gələcəyin prespektivli sahələrindən hesab oluna bilər. Bu sahə sahibləri layihənin planlanması və həyata keçirilməsində vacib rola malikdirlər. Sahənin inkişafı yeni proqramlara təlabatı da ortaya çıxarır.
Satış meneceri. İqtisadiyyat biznes üzərində, biznes isə satış üzərində qurulub. Belə olan halda, satış menecerinə olan tələb artmaqdadır. Satış etmək isə ayrıca bacarıq və həvəs tələb edir. Əgər bu xüsusiyyətləri özünüzdə görürsünüzsə, onda bu sahədə özünüzü mütləq sınayın. Satışı necə edək deyirsinizsə, ilk əvvəl məhsulu özünüzə satmağa çalışın. Onda ortaya çıxan suallara cavab verməklə bu sahəyə aid olub-olmadığınızı ortaya çıxara biləcəksiniz.
İnkişaf edən dövrdə insanların bəzi bilik və bacarıqlara sahib olması qeyd olunan tələblər arasında yer almaqdadır. Kommunikasiya bacarığı da bir çox sahələrdə həll edici rol oynadığı üçün belə bir tələbin olması heç də təəccüblü deyil. Məsələn, layihə meneceri bir layihədə iki və daha çox insanla birgə çalışır və onları idarə etmək üçün yüksək səviyyədə kommunikativ qabilliyyət vacib xarakter daşıyır.
Nəcibə Yusifova, Banco.az