"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqini "BBB-", proqnozunu isə "stabil" səviyyəsində təsdiq edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, Agentlik SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini (IDR) "BBB-", qısamüddətlini isə "F3", təmin olunmayan reytinqini "BBB-" kimi təsdiq edib. Emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnoz isə "stabil" kimi təsdiqlənib.
Agentlik qeyd edib ki, SOCAR-ın kredit reytinqi əsasən Azərbaycanın suveren reytinqi ilə bərabər tutulur. Ötən ilin məlumatlarına görə, SOCAR gündəlik orta hesabla 253 min barel karbonhidrogen hasilat istehsal edən ortaölçülü şirkətdir.
SOCAR Türkiyənin yeganə kimyəvi məhsul istehsalçısı olan "Petkim Holding"ə nəzarət edir və 10 mln. ton istehsal gücünə malik olan "Star" neft emalı zavodunun inşasını həyata keçirir.
"Fitch"in SOCAR-ın leverec əmsalının 2014-cü ildəki 1,9-dan 2015-ci ildə 2,9-a yüksələcəyini proqnozlaşdırır.
***
Agentliyin şərhinə əsasən, SOCAR Azərbaycanın maraqlarını qoruyur və dövlətin strateji neft-qaz ixracatcısı olduğu üçün reytinqi, ölkənin suveren reytinqi ilə eynidir. Azərbaycan Prezidentinin qərarı ilə 2014-cü ildə "Cənub Qaz Dəhlizi" layihəsinin icrası üçün operator şirkət yaradılıb və bu şirkətin 49%-i SOCAR-a məxsusdur. Şirkətin əsas məqsədi "Şahdəniz" qaz yatağının işlənməsi, inkişaf etdirilməsi, Cənubi Qafqaz qaz dəhlizinin genişləndirilməsi, TANAP və TAP layihələrinin həyata keçirilməsidir.
"Fitch"dən verilən məlumata görə, 2014-cü ildə "Cənub Qaz Dəhlizi"nin maliyyələşməsi emissiya olunan istiqrazlara Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) yatırdığı vəsait hesabına həyata keçirilir. Bu il isə layihənin maliyyələşməsinin əsasən Azərbaycan dövləti imkanları hesabına icra olunacağı ehtimal edilir. Agentlik, "Cənub Qaz Dəhlizi" üçün yaradılan şirkətin dövlət tərəfindən dəstəklənməsinin SOCAR-ın reytinqinin gələcəyinə müsbət təsir edəcəyini bildirir.
Agentlik daha sonra qeyd edib ki, SOCAR 5,7 mlrd. dollar xərclənməsi nəzərdə tutulan "Star" neft emalı zavodunun inşasının maliyyələşdirilməsi üçün 3,3 mlrd. dollar həcmində borc paketi üçün anlaşma həyata keçirib. Anlaşmada borcun 15-18 il müddətinə verildiyi və ilk 4 ilin güzəştli dövr olduğu göstərilib. Zavodun 2019-cu ildə işə düşməsi və əsasən dizel və benzin yanacağı ilə Türkiyə bazarına xidmət etməsi ehtimal olunur. SOCAR 2015-ci ildə 750 mln. dollarlıq istiqrazların satışından əldə etdiyi vəsaiti "Star" zavodunun tikintisinə yönəldib.
"Fitch" dövlət dəstəyi olan "Petkim" və "Star" layihələrinin çox gəlirli olduğunu qeyd edir və SOCAR-ın mövcud borclarını asanlıqla idarə edəcəyini düşünür.