Fəxri Bağıyev: “Yaxın gələcəkdə bazara yeni məhsullarımızı təqdim edəcəyik” | Banco.az

Fəxri Bağıyev: “Yaxın gələcəkdə bazara yeni məhsullarımızı təqdim edəcəyik”

Banco.az Rabitəbankın Riteyl Kreditlərinə rəhbərlik edən Fəxri Bağıyevlə müsahibəni təqdim edir. Qeyd edim ki, müsahibim 10 ildən artıq bir müddətdir ki, adıçəkilən bankda fəaliyyət göstərir. Bu günə kimi bankda bir çox rəhbər vəzifələrdə çalışan həmsöhbətimin kredit sahəsi ilə bağlı geniş təcrübəsi var.

- İlk olaraq istehlak kreditlərindən başlayaq. Bank olaraq kredit verməkdə nə qədər maraqlısınız?

- İstehlak kreditləri insanların şəxsi tələbatlarını ödəmək üçün nəzərdə tutulan, kommersiya xarakteri olmayan təyinat üçün verilən kreditlərdir. Əslində istehlak kreditlərinin bir çox növləri var. Onların ən geniş yayılan forması isə nağd pul kreditləridir. Bundan başqa istehlak kreditlərinin təyinatlı avtomobil, mebel, məişət avadanlığı almaq üçün verilən kreditlər, mənzil təmiri, səyahət üçün verilən kreditlər, kredit kartları kimi müxtəlif formaları var. Bank olaraq təsdiq edilmiş kredit siyasətimizi qoruyaraq keyfiyyətli kredit verməklə kredit portfelinin həcmini artırmaqda maraqlıyıq və 2018-ci il məhsuldar il olaraq bu proses artan inkişaf tempində davam edir.

- Bəs kredit şərtləri müştərilər üçün nə dərəcədə uyğundur?

- Biz Rabitəbank olaraq mümkün qədər bütün ödəniş qabiliyyətli təbəqələri əhatə etməyə çalışırıq. Rabitəbanka müraciət edən sifarişçilərin böyük əksəriyyətinə kredit verilir. Müştəri məmnuniyyəti bizim üçün hər zaman vacib olub. Kredit şərtlərinə gəldikdə isə deyə bilərəm ki, müştərilərə təqdim etdiyimiz məhsullarımızın çeşidi çoxdur və hər bir məhsul üçün tələb olunan şərtlər müxtəlifdir.  Qeyd etdiyim kimi, bunların arasında ən çox müraciət edilən məhsulumuz nağd pul kreditidir. 2018-ci ildən bütün istehlak krediti məhsulları üzrə faizlərdə endirim etmişik. Hazırda may ayından başlayan kampaniya davam etməkdədir. Kampaniyada əsas məqam ondan ibarətdir ki, müddətindən, məbləğindən, təminatından, ümumilikdə şərtindən asılı olmayaraq bütün nağd pul kreditləri 22 faizlə rəsmiləşdirilir. Ümumilikdə götürsək, bankımız hal-hazırda nağd pul kreditlərini illik 22 faiz olmaq şərti ilə, maksimum 36 ay müddətinə, 15 000 AZN-dək rəsmiləşdirir. Qeyd edim ki, bunlar bazarda ciddi rəqabətdə olan şərtlərdir.

-Son dövrlərdə insanlar kredit götürərkən zamin tapmaqda çətinlik çəkir. Bu nə ilə bağlıdır, ümumiyyətlə, zamin durmaq üçün hansı şərtlər tələb olunur?

- İlk növbədə onu qeyd edim ki, Rabitəbank təkcə zaminlə kredit vermir. Əgər müştəri ödəniş qabiliyyətlidirsə və gəlirliliyə aid təqdim etdiyi  sənədlər daxili prosedurlara uyğundursa o, 3-5 min manatadək zaminsiz kredit ala bilər. Əgər müştərinin əmək haqqısı nisbətən yüksəkdirsə və kredit öhdəliyi nisbətən azdırsa eyni qaydada 5 min, hətta 10 min manatadək də zaminsiz kredit ayırırıq. Qeyd etdiyiniz kimi, son dövrlərdə insanlar zamin tapmaqda müəyyən çətinliklə rastlaşırlar. Çünki zamin duran şəxslər özləri də bu və ya digər banklardan kredit götürmək istədiyinə görə kiməsə zamin olmaq istəmir. Zamin durulan zaman avtomatik borc yükü yaranır və özləri kredit götürəndə borc yükünə görə müraciətlərinə imtina cavabı verilə bilər. Ona görə biz zaminsiz kreditləşmənin sayını artırırıq. Zamin durmaq üçün tələb olunan şərtlərə gəlincə isə deyə bilərəm ki, bu şərtlər borcalanla demək olar ki, eynidir. Zaminə qarşı tələblərdə müəyyən güzəştlərə də gedirik. Maliyyə  Bazarlarına Nəzarət Palatasının və bankların öz daxili prosedurlarına uyğun  qaydalar var. Bu qaydalardan kənara çıxmayaraq borc alanın və zamin duran şəxsin ödəniş qabiliyyəti yoxlanılır.Orta hesabla götürdükdə, zaminin ödəniş qabiliyyəti borc alanın ödəniş qabiliyyəti kimi olmalıdır. Çünki kredit götürən müştəri kreditin ödənişində çətinlik çəkərsə, yaxud işdən çıxarsa və ya proses digər səviyyəyə gəlib çatarsa, zaminin olması vacibdir ki, ödənişi o davam etsin.

Ən sərfəli kredit üçün müraciət et

- Rabitəbankdan “Dövlət qulluqçularına 0% komissiya ilə kredit”. Bu  kredit növünün üstünlükləri nədir?

- Bu bizim son bir ay ərzində təqdim edilən məhsulumuzdur və sərfəli şərtlər təklif edir. Belə ki, kreditin 24 ay müddətinədək rəsmiləşdirilməsi halında müştəri tərəfindən heç bir bank komissiyası ödənilməyəcək, bundan əlavə, kredit üzrə faiz dərəcəsi cəmi 22% təşkil edəcək. “Dövlət qulluğu krediti”nin şərtlərinə görə bu krediti 5 il dövlət qulluğunda xidmət edən və ya təhsil, səhiyyə sahəsində ən azı 5 il staja malik olan şəxslər ala bilərlər. Kredit üzrə minimal məbləğ 200 AZN, maksimal məbləğ isə  15.000 AZN-dək təşkil edir.  Kredit üzrə komissiya 3-24 ay kredit müddəti olduqda 0%, 25-50 ay kredit müddəti olduqda isə 1% təşkil edir, kreditin maksimal müddəti isə 50 ayadəkdir. Məhsul güzəştli kredit növlərindəndir. Bu kreditin verilməsində məqsəd odur ki, 50 ay müddətinə bütün kateqoriyalı dövlət qulluqçuları, təhsil, səhiyyə işçiləri bu kreditdən yararlana bilsinlər və əlavə olaraq da güzəşt əldə etsinlər. Yəni kreditin müddəti uzandıqca aylıq ödəniş azalır və müəyyən qədər əmək haqqına uyğunlaşdırılır.

- Gələcəkdə bu tip kreditlərin verilməsi tendensiyası davam etdiriləcəkmi?

- Yaxın gələcəkdə, yəni təxminən sentyabr ayının sonlarına yaxın biz bir neçə yeni İstehlak krediti məhsulunu müştərilərimizə təqdim edəcəyik.  Hələlik, məhsulların şərtləri barədə danışmaq üçün bir qədər tezdir, lakin onu qeyd etmək istəyirəm ki, yeni məhsullarla müxtəlif müştəri seqmentlərinin ehtiyaclarının qarşılanması prosesini artan templə davam etdirəcəyik. Bununla da biz hər ay yeni kredit məhsullarımızla Riteyl bazarında öz mövqeyimizi daha da möhkəmləndirmək niyyətindəyik. Hal-hazırda  riteyl portfelimiz  uyğun olaraq artır və  inkişaf edir.

- Rabitəbank olaraq daha hansı sahələrdə çalışan şəxslər üçün kreditlər nəzərdə tutulur?

- Əslində hər məhsulun özünə məxsus özəlliyi və müəyyən məntiqi var. Dövlət qulluqçularına özəl kredit kampaniyaya start verməyimiz o demək deyil ki, digər müştəri seqmetlərinə kredit verilmir. Biz ödəniş qabiliyyətli əhalinin bütün təbəqələrinə kredit veririk. Xüsusi olaraq peşə bayramları günlərində onlara xüsusi kampaniyalar təklif edəcəyik. Təkrarlamaq istəyirəm ki, yaxın zamanda bütün təbəqələri özündə əks etdirən yeni məhsulumuzu bazara təqdim ediləcəyik. Yəni bu məhsul növündə məxsusi olaraq iş yeri nəzərdə tutulmur. Bütün kateqoriyalar üzrə insanlar üçün nəzərdə tutulan bir kredit növüdür. Bu barədə yaxın bir ay ərzində ətraflı məlumat veriləcək.

- Sonda departament rəhbəri olaraq növbəti dövrlər üçün hədəfləriniz haqda soruşmaq istərdik?

- Struktur olaraq daim istehlak kreditləri üzrə bazarı araşdırırıq. Şərtlərimizlə, güzəştlərlə bazarı üstələməyə çalışırıq. Rabitəbank olaraq daima yeni məhsullarla və yeni ideyalarla bazarda fəaliyyətimizə önəm veririk.  Bu bizim ən böyük məqsədlərimizdən biridir. Gələcəkdə kredit siyasətimiz əsasında öz məhsullarımızı artan tempdə inkişaf etdirəcəyik. Çalışırıq ki, fərqli seqmentlər üzrə məhsullar hazırlayaq.

Şəbnəm Mehdizadə