Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycanda “ən səxavətli” sığorta şirkəti hazırda fəaliyyətini dayandırmış “Royal Sığorta” olub. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verilən məlumata görə, "Royal Sığorta” bu il ərzində cəmi 2255 manat sığorta haqqı toplasa da, bundan 3,7 dəfə artıq, yəni 8314 manat ödəniş edib. Qeyd edək ki, “Royal Sığorta”nın lisenziyası fevral ayından dayandırılıb. Hazırda şirkət yeni müştərilər cəlb edə bilmir, yalnız əvvəlki müqavilələr üzrə öhdəliklərini yerinə yetirməklə məşğuldur.
Normal fəaliyyət göstərən sığorta şirkətləri arasında yığımlarına görə ən böyük ödəniş “Azərbaycan Sənaye Sığorta” şirkəti tərəfindən edilib. İlk 5 ayda "Sənaye Sığorta" 4,2 milyon manat sığorta haqqı topladığı halda, 6,3 milyon manat, yəni topladığı sığorta haqlarından 1,5 dəfə artıq ödəniş edib. Bunun əsas səbəblərindən biri şirkətin inşaat sığortası üzrə 5 milyon manatlıq ödəniş həyata keçirməsidir.
“A-Qroup” sığorta şirkəti də demək olar ki, topladığı məbləğ qədər ödəniş edib. Şirkət ilk 5 ayda topladığı 2,7 milyon manat sığorta haqqı müqabilində 2,6 milyon manat ödəniş həyata keçirib ki, bu da yığımların 97,4%-i deməkdir. Ödəniş səviyyəsinin belə yüksək olmasının səbəbi "A-qroup"un portfelində tibbi sığortanın payının yüksək olmasıdır.
Sıralamada sonrakı yeri "Bakı Sığorta" tutur. Şirkət ilk 5 ay ərzində topladığı sığorta haqlarının 87%-i həcmində ödəniş edib. Bu nisbətin yaranmasının səbəbi "Bakı Sığorta"nın yığımlarının kəskin - 2 dəfə azalmasıdır.
Yığımların azalması "Buta Sığorta" şirkətində də ödəniş səviyəsinin kəskin artmasına səbəb olub. Belə ki, son bir ildə şirkətin yığımları 41% azalıb. Ötən ilin eyni dövründə şirkət yığdığı sığorta haqqının cəmi 20%-i qədər ödəniş etdiyi halda, bu il həmin göstərici 58% olub. Həm "Bakı Sığorta", həm də "Buta Sığorta"da yığımların azalmasının əsas səbəbi kasko sığorta ilə bağlıdır.
Topladığı sığorta haqqı ilə müqayisədə ən az ödəniş həyata keçirən şirkət isə “İpək Yolu Sığorta” olub. 5 ay ərzində şirkətin daxilolmaları 8,7 milyon manata yaxın olsa da, bunun cəmi 40,4 min manatı (təxminən 0,5%-i) ödənişə yönəldilib.
Yaxın vaxtlarda bazarı tərk edəcəyi gözlənilən “Çartis Azərbaycan” sığorta şirkəti topladığı 39 min manatdan artıq vəsaitin cəmi 0,7%-ni - 272 manatını geri ödəyib.
Həyat sığortası şirkətlərinin də ödəniş-yığım nisbəti aşağı səviyyədədir. Bu şirkətlərin ödənişləri topladıqları sığorta haqlarının 10%-ni keçmir. “Qala Həyat”da isə bu göstərici cəmi 1%-dir.
Qeyd edək ki, kütləvi sığorta xidmətləri göstərən sığorta şirkətləri arasında ən yaxşı göstərici "Meqa Sığorta"ya məxsusdur. İlk 5 ayda şirkətin ödənişləri yığımların 11%-dən də az olub.
Ümumilikdə, ilk 5 ayda sığorta şirkətlərinin 2-də ödənişlər yığımlardan artıq olub. 5 şirkətin ödənişləri yığımların 60-100%-i, 13 şirkətdə ödənişlər yığımların 25-50%-i arasındadır. 8 sığorta şirkətinin ödənişləri isə 25%-dən də aşağıdır.
Mənbə: fins.az