“Axa Mbask” sığorta şirkətinin əməkdaşı Nəriman İsayev deyir ki, bəzən baş verən hər hansı bədbəxt hadisənin qarşısını almaqda aciz qalsaq da ondan sonra yaranan fəsadların və problemlərin aradan qaldırılmasına nail olmaq mümkündür. Əmlakını istər könüllü, istərsə də icbari şəkildə sığortalatdıran hər kəs bunu xeyrini görə bilər.
Nəriman İsayevin sözlərinə görə, baş verə biləcək risklərdən sığortalanmaq elə də baha başa gəlmir. Sığorta qiymətləri regionlara görə dəyişir. Bakıda yaşayan əhali 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda yaşayanlar 40, digər bölgələrin sakinləri isə ildə cəmi 30 manat ödəməklə öz əmlakını sığortalatdıra bilər. Qanunvericiliyə görə, sığorta məbləğləri regionlara görə dəyişdiyi kimi, ödənişlər də regionlara uyğun olaraq artıb –azalır.
Sığorta şirkətinin nümayəndəsi deyir ki, hazırda əmlak sığortası barədə insanların məlumatı çox azdır, əhalinin əksəriyyətinin marağı yoxdur. Maarifləndirmə və təbliğat işləri aparılmasını vacib sayan Nəriman İsayev həm də könüllü sığorta üzrə əmlakını sığortalatdıranların azlığından şikayət edir. O, könüllü sığortanı daha məqsədə uyğun hesab edir. Deyir ki, könüllü sığorta üzrə ödəniş almaq daha asandır. Və burda bütün şərtlərini sığorta şirkəti irəli sürür. Əlbəttə ki, bütün təklif olunan şərtləri dövlət sığorta nəzarəti xidməti ilə razılaşdırılır.
“Azsığorta” şirkətinin nümayəndəsi Tural Şükürlünün sözlərinə görə, könüllü sığortada heç bir məhdudiyyət yoxdur. Yəni əgər icbari sığortada tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, dövlət tərəfindən sökülməsi nəzərdə tutulan evlərin sığortalanması qanunla mümkün olmasa da könüllü sığortada bu sığorta şirkətinin verəcəyi qərardan asılıdır. Şirkət istəsə sığortalaya da bilər, sığortalamaya da. ”Könüllü sığortada əmlaka yanaşma fərqlidir. Baxır ev harda yerləşir. Əgər ev dar bir küçədə yerləşirsə biz onu sığortalamaqdan imtina edə bilərik. Biz sığorta zamanı bir çox riskləri nəzərə alırıq. Məsələn, yanğınsöndürmə tədbirlərinin olması çox əhəmiyyətlidir. Bina köhnədir, dar küçədə yerləşir və ora yanğınsöndürən və ya hansısa yardımın gəlməsi çətinləşir. Bu halda biz könüllü qaydada onu sığortalamaqdan imtina edə bilərik və ya hansısa məhdud şərtlərlə biz onu sığortalaya bilərik”.
Deməli, ev tikərkən və ya alarkən onun harda yerləşməsinə mütləq fikir vermək lazımdır. Əks halda, əmlakınızı könüllü sığorta etdirmək istəsəniz problemlərlə qarşılaşacaqsınız. Ən azından sığorta şirkətləri sizin əmlakınızı sığortalamaqdan imtina edə bilər.
Sığorta nümayəndələrinin sözlərinə görə, daşınmaz əmlakın sığortası üzrə hətta kupçası yəni, dövlət reyestrindən çıxarışı olmayan evləri də sığortalamaq mümkündür. Amma bunun üçün vətəndaşın həmin əmlaka dair digər lazımlı sənədləri qaydasında olmalıdır. Order, icarə, istifadə müqavilələri ilə və digər mülki xarakterli əqdlər əsasında daşınmaz əmlakı sığortaya cəlb etmək mümkündür.
Qeyri-yaşayış obyektlərinin sığortalanması qaydaları və şərtlərinə gəlincə isə, bir az burda qaydalar fərqlidir. Belə ki, qeyri-yaşayış obyektlərində yaşayış şəraitinə uyğun sığorta ödənilir. Yəni istər region olsun, istər Bakı, istifadə olunan obyekt 50 min manat dəyərindədirsə ödəniş də ona uyğun olacaq. Bir sözlə, burda limit yoxdur. Ekspertlər bu sistemin gələcəkdə yaşayış obyektlərinə də şamil olunmasını təklif edirlər. Təklifin dəyərləndirilməsi isə gözləniləndir.
İqtisadçı ekspert Vüqar Bayramlı da bu təklifin tərəfdarıdır. Əmlak sığortasının iqtisadi xeyirləri çoxdur deyən ekspert bunu həm dövlət, həm sığorta şirkətləri, həm də vətəndaşlar üçün faydalı hesab edir. Ekspertin sözlərinə görə, əgər vətəndaş öz əmlakını sığortalatdırmaqdan boyun qaçırarsa hər hansı bir təbii fəlakət zamanı kompensasiyaların ödənilməsi baxımdan əsas yük dövlət və dövlət büdcəsinin üzərinə düşür. Vüqar Bayramov bu məsələdə dünya təcrübəsindən faydalanmağı vacib hesab edir. Məsələn, inkişaf etmiş ölkələrdə təbii fəlakətlər zamanı dəyən zərər əsasən sığorta şirkətlərinin hesabına ödənilir. Dövlət bu məsələlərə nadir hallarda qarışır. Bizdə isə tam əksinədir. Əhalinin sığortaya olan marağının az olmasının əsas səbəblərindən biri də məhz dövlətin qəza zamanı vətəndaşın əksər hallarda köməyinə gəlməsidir.
Baş vermiş hadisəyə, dəymiş ziyana görə sığorta ödənişinin alınması məsələsinə gəldikdə isə bu elə də çox vaxt aparmır. Hətta bəzən 1 saat ərzində də müştəriyə ödəniş olunur. Bu isə sığorta şirkətinin çevikliyindən asılıdır. Digər bir asılılıq isə dövlət orqanlarının - daha dəqiq desək aidiyyatı qurumların baş vermiş hadisənin həqiqətən sığorta hadisəsi olmasını təsdiqləməsindən asılıdır. Onların müvafiq sənədləri sığorta şirkətinə vaxtında və hətta bir az daha tez göndərməsi bu prosesi sürətləndirir. Çünki, bütün ödənişlər dövlət qurumlarının müvafiq sənədləri əsasında aparılır.
Mənbə: milli.az