Ekspertlər sığorta bazarı üzrə artımı məqbul hesab edir | Banco.az

Ekspertlər sığorta bazarı üzrə artımı məqbul hesab edir

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 517 milyon manatlıq mükafat yığıblar. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında qeyd olunub. Həmin dövr ərzində sığorta şirkətlərinin ödəmələri 169 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 1,2 faiz çoxdur. Hesabata əsasən, bazarda qeydə alınan yığımların 72 faizi (374,7 milyon manat) könüllü sığortanın, 28 faizi (142,3 milyon manat) icbari sığortanın payına düşüb. Könüllü sığorta üzrə ödəmələrin payı 74 faiz (124,6 milyon manat), icbari sığorta üzrə ödəmələrin payı 26 faiz (43,9 milyon manat) təşkil edib.

Hüquq sahəsi üzrə sığorta eksperti İlkin İbrahimov deyir ki, qeyd olunan statistik nəticələr əslində məbləğ baxımından qane edicidir: “Lakin bir qədər mahiyyət etibarilə dəqiqləşdirmə etsək görəcəyik ki, bu artım bütün sığorta məhsulları üçün deyil. Artımlar daha çox həyat sığortasında özünü göstərir. Həyat sığortasından gələn sığorta haqları isə işləyən əhalinin əmək haqqından dövlət büdcəsinə gedən vəsaitin həyat sığortasına yönləndirilməsi nəticəsində  baş verir. Bu isə o deməkdir ki, həyat sığortasının inkişafı Dövlət Sosial Müdafiə Fonduna gələn məbləğlərin kəsilərək birjaya yönləndirilməsi hesabına yaranır”.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli qeyd etdi ki, nəticələri məqbul hesab edir: “Ötən ilin analoji dövrü ilə müqayisədə 30 faizdən çox artım qeydə alınır. Bu artımın ilin sonuna qədər davam edəcəyi gözlənilir. 2018-ci ildə sığorta yığımları 30-35 faizə qədər artacaq. İstənilən halda bu nəticə qaneedicidir. Çünki ötən illər bu göstərici 8-10 faiz arasında dəyişirdi. Ümumilikdə götürdükdə sığorta yığımları stabil qaydada inkişaf edir. Artımın böyük hissəsi həyat yığım sığortasının payına düşür”.

Şəbnəm Mehdizadə, banco.az