​Ekspertlər: Dünya neft bazarı artıq özünə gəlir | Banco.az

​Ekspertlər: Dünya neft bazarı artıq özünə gəlir

Ötən gün dünya bazarında neft kotirovkalarının kəskin artımına ABŞ-da gündəlik hasilatın 500 min barel azalması səbəb olub. Banco.az "Report"a istinadən xəbər verir ki, dünən "Brent" markalı neft 2,57 dollar/barel və ya 5,2%, WTI markalı neft isə 2,33 dollar/barel və ya 5% bahalaşıb. Hazırda artım tendensiyası davam edir və "Brent" 52,4 dollar/barelə, WTI isə 49,3 dollar/barelə satılır.

Beynəlxalq analitiklər neftin bahalaşması ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Belə ki, ötən gün Londonda mətbuat konfransı keçirən "Royal Dutch Shell" şirkətinin rəhbəri Ben van Byorden qeyd edib ki, neftin qiyməti minimum səviyyəni görüb və artıq özünə gəlməyə başlayıb: "Qiymət artımının ilk siqnallarını görürük. Tələb artır və təklif də buna uyğun olmalıdır".

Ən sərfəli kredit üçün müraciət et

"Societe General" bankının Neft bazarının tədqiqatı Departamentinin rəhbəri Mayk Uitner isə bildirib ki, bir müddət sonra yüksək maya dəyəri olan hasilat işlərinin görülməsi məcburiyyəti yaranacaq, bu da neftin qiymətini artıracaq: "Bu bizim subyektiv fikrimizdir. Biz bir çox müxtəlif mənbələrdən neft qiymətlərinin artıq minimal səviyyəsindən özünə gəlməyə başlaması xəbərlərini eşidirik".

"Citigroup" bank əməkdaşı Set Kleynman qeyd edib ki, investorlar müsbət əhval-ruhiyyəyə qayıdıblar: "Lakin tələb və təklif arasında tarazlığın əldə edilməsi üçün bir qədər zaman lazımdır. 2016-cı ildə OPEC üzvü olmayan ölkələrdə neft hasilatının azalmasının şahidi olacağıq. Bu da qiymətlərin artmasına gətirib çıxaracaq".