"Əvvəllər mövcud olan neqativ halların aradan qaldırılması məqsədilə bütün sosial yardım kartları yeniləcək".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan olunmuş bu tenderdə bütün banklar iştirak edə bilər: "Tenderdə iştirak edəcək banklar bankomat şəbəkəsinə malik olmalı və xidmətlərin müqabilində minimum istifadə haqqı tələb etməlidirlər".
Nazir bir məsələyə də diqqət yetirilməsini vacib sayıb: "Hal-hazırda dövriyyədə 5 milyondan artıq kart var. Onların böyük bir qismi dövlət orqanlarının sosial ödənişlərinin payına düşür. Həmin kartlar sırasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqaüdçülərə verilən kartlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinət alan şəxslərə verilən kartlar, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əhali qrupuna verilən kartlar yer alır. Bu səbəbdən də əhalidə belə bir fikir formalaşıb ki, vahid sosial ödəmə kartının yaradılması ilə bu problem həll oluna bilər. Hal-hazırda bu məsələ nəzərdən keçirilir".
Sevinc İbadova/Banco.az