Citigroup 7 milyard dollar cərimə ödəyəcək | Banco.az

Citigroup 7 milyard dollar cərimə ödəyəcək

ABŞ-ın ən böyük banklarından biri olan Citigroup requlyatorlara 7 milyard dollar həcminə cərimə ödəməyə razılaşdı. Bu barədə təşkilatın rəsmi press-relizində məlumat verilir.

Göstərilən məbləğin ödənişinin müqabilində ölkə rəsmiləri  2008-ci il böhranından öncə investorlara satılmış yüksək riskli ipoteka kağızları ilə bağlı təhqiqat işlərini dayandıracaq.

Belə gözlənilir ki, cərimənin təsiri nəticəsində Citigroup-un xalis mənfəəti cari ilin ikinci rübündə 19% azalaraq, $3,37 milyard dollar enəcək, bu barədə isə Bloomberg qeyd edir.

Reuters isə yazır ki, ABŞ rəsmiləri daha öncə 10 milyard ABŞ dolları həcmində cərimə ödənişi ilə bağlı danışıqlar aparıb. Analitiklər isə bankın cərimə ödənişləri üçün ehtiyat olaraq ayırdığı məbləğin 3 milyard dollar civarında olacağını güman edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Aprelin əvvəlində Citigroup ipoteka sənədlərinin alqısı nəticəsində zərər görmüş müştərilərə dəyən zərəri kompensasiya etmək üçün $1,13 milyard ödəməyə razılaşmışdı. Ölkə rəhbərliyi belə bir qənaətə gəlmişdi ki, Citigroup bu istiqrazların satışı zamanı müştərilərə belə tip sövdələrin riskləri ilə bağlı yetərincə məlumat verməyib.

2005-2008-ci illərdə Citigroup təqribən 91 milyard dollar həcmində ipoteka sənədi satıb. Yaşayış evlərinin satışı bazarındakı böhran nəticəsində həmin sənədlər demək olar ki öz dəyərini itirdi və investorlar əhəmiyyətli dərəcədə itki ilə üzləşdi. Mənzil böhranı isə ümumi iqtisadi böhranla nəticələndi. Citigroup özü isə iflas məngənəsinə düşdü. Amerika hökuməti təşkilata 45 milyard dollar maliyyə yardımı ayırmalı oldu.