Çin yüksək texnologiyalı istehsalın həcminə görə ABŞ-la rəqabət aparır | Banco.az

Çin yüksək texnologiyalı istehsalın həcminə görə ABŞ-la rəqabət aparır

Keçən ilin nəticələrinə görə, Çində yüksək texnologiyalı istehsal həcmi ABŞ-da qeydə alınan istehsal həcminə yaxınlaşıb. Bu barədə ABŞ-ın Milli Elm Fondunun tədqiqatında məlumat verilir.

2003-2012-ci illərdə Çində yüksək texnologiyalı istehsalın həcmi altı dəfə artıb. Nəticədə, dünya bazarında ölkənin payı 8%-dən 24%-dək yüksəlib. Müqayisə üçün qeyd edək ki, ABŞ-da anoloji göstərici 27% təşkil edir.

Çin alternativ energetika sahəsinə yatırılan sərmayənin həcmi ilə Amerikanı geridə qoyub. Belə ki, Çində bu sahənin inkişafı üçün 61 milyard dollar dəyərində sərmayə ayrılıb. ABŞ-da isə "yaşıl enerji mənbələri"nə 29 milyard dollar xərclənib.

Hesabatın müəllifləri qeyd edirlər ki, elm və texnologiyanın inkişaf göstəricisi üzrə lider hesab olunan ABŞ 2013-cü ildə bu sahədə öz mövqeyini itirməkdə davam edib.

Ən sərfəli kredit üçün müraciət et

2001-ci ildən başlayaraq elmi tədqiqat və təcrübə-konstruktor işləmələri üzrə ABŞ-ın göstəricisi 37%-dən 30%-dək, Avropanın göstəricisi isə 26%-dən 22%-dək azalıb. Bununla yanaşı, böyük Asiya dövlətlərinin payı 24%-dən 34%-dək artıb. Çində sözügedən göstərici üzrə 15%-dək artım müşahidə olunub.

"Bloomberg" şirkətinin versiyasına görə, dünyanın ən innovativ 50 ölkəsindan ibarət siyahıda Çin 29-cu sırada, ABŞ isə ilk pillədə yer alır.

Agentlik reytinqin tərtibi zamanı ölkələri bir sıra göstəricilər üzrə qiymətləndirib. Bu göstəricilər sırasında elmi tədqiqat və təcrübə-konstruktor işləmələri, istehsal, texniki ixtisas məzunlarının və alimlərinin sayı, istehsal imkanları və patent aktivliyi üzrə qeydə alınan göstəricilərə yer verilib. 

Banco.az/Sevinc Ibadova