Cari il ərzində sahibkarlara verilən güzəştli kreditlərin məbləği açıqlanıb | Banco.az

Cari il ərzində sahibkarlara verilən güzəştli kreditlərin məbləği açıqlanıb

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilib.

Banco.az "Trend"ə istinadən xəbər verir ki, bunu İsmayıllı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumu zamanı Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum İsmayıllı rayonunun Qaraqaya kəndində keçirilib.

Ş.Abdullayev bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

İcraçı direktor qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 milyon 66 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış "yaşıl market"də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.