Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) orta müddətli artım proqnozlarının zəif qalmaqda davam etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, BVF 28-29 fevral tarixlərində Braziliyanın San-Paulu şəhərində keçiriləcək G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri İclasından əvvəl “G20 Müşahidə Qeydi” hesabatını dərc edib.
Hesabatda qeyd olunub ki, qlobal iqtisadiyyat "yumşaq eniş" yolunda görünür, lakin aktivlik və artım gözləntiləri zəif qalmaqda davam edir.
Hesabatda 2024-cü ildə pul siyasətinin bir qədər yumşaldılmasının gözlənildiyi qeyd edilsə də, bununla belə, orta müddətli artım gözləntilərinin zəif qalmaqda davam etdiyi vurğulanıb. Bildirilib ki, bu, zəif məhsuldarlıq artımı, qocalma, geoiqtisadi fərqlilik və iqlim həssaslığı kimi problemləri əks etdirir.
Hesabatda vurğulanıb ki, fiskal və pul siyasətinin uyğun kombinasiyası borcun, qiymətin və maliyyə sabitliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək.
Qlobal çağırışların öhdəsindən gəlmək və qlobal imkanlardan faydalanmaq üçün çoxtərəfli tədbirlərə ehtiyac duyulduğu deyilən hesabatda, "G-20 siyasətçiləri iqlim dəyişikliyi təhlükəsini azaltmaq, iqlim keçidini dəstəkləmək və Afrikanın böyümə potensialının açılmasına kömək etmək üçün səyləri sürətləndirməlidirlər”, qiymətləndirməsi aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!