Cari ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 23,6 mlrd. manata çatıb. Banco.az portalı Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 2 484,1 manat və ya ayda 354,9 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1% olub.
Bu dövr ərzində gəlirlərin 74,1%-i son istehlak xərcləri, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqları, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 21,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% artıb.