Bu həftənin önəmli TOP-5 qlobal iqtisadi xəbərləri | Banco.az

Bu həftənin önəmli TOP-5 qlobal iqtisadi xəbərləri

Qlobal maliyyə bazarı üçün 15-19 yanvar həftəsinin ən vacib iqtisadi xəbərləri ABŞ, Çin, avrozona, Böyük Britaniya və Kanadada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Yanvarın 18-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ Ticarət Nazirliyi dekabr ayında yeni tikilən evlərin sayı və yeni evlərin tikintisinə verilən icazələr üzrə göstəricini açıqlayacaq. Analitiklərin fikrincə, yeni tikilən evlərin sayı 1,7%, icazələr isə 1% azalacaq. Həftə ərzində FED-in Çikaqo, Klivlend regional şöbələrinin rəhbərlərinin və FED İdarə Heyətinin üzvü Randal Kvarlsın (Randal Quarles) çıxışları gözlənilir. Analitiklər yanvar ayında FED-in keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artıracağını gözləmirlər;

2) Yanvarın 18-də Bakı vaxtı ilə saat 06:00-da Çində IV rübün iqtisadi artım göstəricisi açıqlanacaq. Analitiklər ÜDM-in 6,7% artacağını proqnozlaşdırırlar. Həmçinin, Çində dekabr ayı üzrə sənaye istehsalı, əsas kapitala investisiyalar və pərakəndə satışın həcm göstəricisi açıqlanacaq;

Ən sərfəli kredit üçün müraciət et

3) Yanvarın 17-də Bakı vaxtı ilə saat 14:00-da avrozona üzrə dekabr inflyasiyası açıqlanacaq. Analitiklər inflyasiyanın 1,4% təşkil edəcəyini və bunun noyabr göstəricisindən 0,1 faiz bəndi az olacağını ehtimal edirlər. Bu göstəricinin ECB-nin yanvarın 25-də keçirəcəyi növbəti iclasına təsirsiz ötüşməyəcəyi ehtimal edilir;

4) Yanvarın 16-da Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniya Statistika İdarəsi (ONS) dekabr inflyasiyasını açıqlayacaq. Analitiklər inflyasiyanın 3% təşkil edəcəyini proqnozlaşdırırlar. Həmçinin, yanvarın 19-da pərakəndə satışın dekabr göstəricisi açıqlanacaq;

5) Yanvarın 17-də Bakı vaxtı ilə saat 19:00-da Kanada Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Ekspertlər uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,25%-ə çatdırılacağını ehtimal edirlər.