Unibankın “Satışlara dəstək və nəzarət departamentinin Kredit məsulları satışına dəstək və nəzarət şöbəsi”nin Müdiri Mikayıl Məmmədov
Müştəri ilə bank arasında hər hansı bir ziddiyyət yarananda hər iki tərəfin istinad etdiyi əsas predmet tərəflər arasında imzalanmış müqavilə olur. Bəzən tez-tələsik və oxumadan imza atdığımız bu müqavilələr özündə çoxsaylı hüquqi incəlikləri gizlədir. Bu nüanslar bizim həm xeyrimizə, həm də əleyhimizə işləyə bilər. Bu səbəbdən də onlara mümkün qədər daha yaxşı bələd olmaq lazımdır. Bank və müştəri arasında istər kredit, istər də digər məhsullar üzrə imzalanan müqavilələrin bizim qarşımıza çıxana qədər hansı prosedurlardan keçdiyini araşdırmağa çalışdıq.
Suallarımıza cavaba tapmaqda Unibankın “Satışlara dəstək və nəzarət departamentinin Kredit məsulları satışına dəstək və nəzarət şöbəsi”nin Müdiri Mikayıl Məmmədov yardmçı oldu:
Bazarda bank xidmətlərinin çox olduğu bir dövrdə, müştəri daha çox sürətli və keyfiyyətli xidmət göstərən bankı seçir. Hər bir müştəri banka yaxınlaşaraq istədiyi məhsulu daha qısa müddətə və keyfiyyətli almaq istəyir.
Keyfiyyətli və sürətli xidmət isə bankda olan bütün biznes proseslərinin düzgün qurulmasından çox asılıdır. Bu məqsədlə işçilər üçün xidmət sahəsində xüsusi treninqlər təşkil olunaraq, onların bilik və bacarıqlarını artırması ilə yanaşı sənəd dövriyyəsinin və sənəd tərtibatının lazımi səviyyədə təşkil olunması təmin edilir.
Sənədlərin hüquqi baxımdan düzgün və lazımi səviyyədə tərtibatı, həm müştəri, həm də bank üçün çox vacibdir.
Çünki, bu sənəd müştəri və bank arasında münasibətləri tənzimləyən əsas vəsaitədir. Bu gün bankların müştərilərə göstərdiyi çoxsaylı kredit xidmətləri mövcuddur. Bunların sırasında nağd kreditlər, plastik kart vasitəsi ilə ayrılan kredit xətləri və taksit kartlar, kiçik və orta sahibkarlığın inkişafı üçün kreditlər, ipoteka kreditləri, avto kreditlər və digərləri var.
Riteyl sahəsində fəaliyyət göstərən hər bir bankda gün ərzində bu kreditlərin hər birindən müəyyən sayda rəsmiləşdirilir. Bütün bu kreditlər bir-birindən ödəniş növü və təyinatı, təminatlı və ya təminatsız olmaları və digər şərtlərinə görə fərqlənməsindən asılı olaraq, onların müqavilələri də müxtəlif olmalıdır. Yəni, hər bir kredit növü üçün xüsusi hazırlanmış, bu kreditin spesifikasını özündə əks etdirən bankın və müştərinin bütün maraqlarını qoruyan, həmçinin Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verən və özündə əks etdirən standart müqavilə formaları olur. Standart formalı müqavilələr, kredit məhsulu üzrə bütün şərtləri əvvəlcədən bəlli olan və müştəriyə bir məhsul paketi çərçivəsində təqdim olunan kreditlər üçün istifadə olunur. Əgər bank, bazarda kütləyə yönəldilmiş bir məhsul təqdim edirsə, həmin məhsulun müqaviləsi də standart olur, dəyişən yalnız müştərinin rekvizitləri və kreditin şərtləridir. Məsələn: kreditin konkret məbləği, faiz və s..
Standart formalı müqavilələrin tətbiq edilməsində məqsəd həm müştərilərə qısa zaman ərzində xidmət göstərilməsi, onun vaxtına qənaət edərək vaxt itkisinə yol vermədən, müəyyən bir məhsulu əldə etməsini təmin etmək, həm də gün ərzində müəyyən sayda satılan bank məhsulları üzrə keyfiyyətli və hər bir şərti özündə əks etdirən müqavilə ilə müştərini təmin etməkdir. Müqavilələrin bütün standart formaları Bankda müvafiq struktur bölmələri tərəfindən rəy bildirildikdən sonra təsdiqlənir və tətbiq edilir.
Müqavilələrin hazırlanmasında qanunvericilik tələbləri:
Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Bankla müştərilər arasında bağlanılan kredit müqavilələrində ən azından aşağıdakılar öz əksini tapır:
- tərəflərin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti, mübahisələrin həlli qaydası, kreditin məqsədi və dəqiq təyinatı, kreditin şərtləri (kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komissiya haqları, bank tərəfindən tələb olunan digər ödənişlər) kreditin qaytarılma qrafiki, kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri, kredit müddəti ərzində əlavə dəyişikliklərin edilməsi qaydası və s.
Kreditlər təminatlı olduqda, zəruri sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilir.
Bankın bütün kredit müqavilələrində faizlərin dəyişdirilməsi əsasları, müqavilələrin müddətləri, ödənişlərin aparılması qaydası və vaxtı, cərimələrin həcmi və onların hansı hallarda tətbiq edilməsini müəyyən edən şərtlər əks olunur.
Kredit müqavilələrində faizlərin hesablanması və qaytarılması qaydaları ətraflı şəkildə müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq kreditlər üzrə faktiki illik faiz dərəcələri (FİFD) borcalanlara əvvəlcədən bildirilir və kredit müqavilələrində əks etdirilir. FİFD kreditlə bağlı bütün aidiyyəti xərcləri özündə əks etdirir və Mərkəzi Bank tərəfindən müəyyən edilən metodologiyaya əsasən hesablanır.
Bizim bankda əməkdaşların maarifləndirilməsinə xüsusi diqqət yetirilir, onlar həm daxili həm də bankdan kənar seminar və treninqlərdə iştirak edirlər.
Həmçinin, hər bir yeni məhsulu müştərilərə təqdim etməmişdən öncə, bu məhsulun müştərilərə təqdim olunmasında, satılmasında iştirak edən əməkdaşlara xüsusi treninq və məhsulun təqdimatı keçirilir. Bu zaman biz məhsulun bütün şərtlərini və satış texnologiyası ilə yanaşı, sənədlərin tərtibatı və müqavilənin özündə əks elədiyi bütün məqamlara xüsusi diqqət yetiririk və əməkdaşların bu istiqamətdə bütün sualları cavablandırılır.
Təəssüflər olsun ki, bu gün müştərilər müqavilələri hər zaman oxumurlar və müqavilə üzrə öz hüquq və vəzifələrini tam bilmirlər.
Kredit üzrə sənədlər tərtib olunan zaman, bizim əməkdaşlar hər bir sənədin mahiyyəti haqqında, həmçinin müqavilədə və onun əlavəsində əks olunan əsas maddələr barəsində müştəriyə ətraflı məlumat verir, həmçinin də bütün müştərilərə müqaviləyə imza atmamışdan öncə, müqaviləni diqqətlə oxumaq tövsiyə olunur. Müştəriyə şərait yaradılır ki, bu zaman müqaviləni başdan-ayağa oxusun və suallarını versin. Amma müştərilərin çoxu vaxt məhdudiyyətlərini əsas gətirərək, kredit mütəxəssisinin verdiyi əsas informasiyalarla kifayətlənirlər.
Ümumiyyətlə, biz Unibank olaraq öz müştərilərimizi hər zaman maarifləndirməyə çalışırıq.
Bank olaraq hədəfimiz yalnız məhsul və xidmətlərimizi müştəriyə göstərməklə kifayətlənmək deyil, müştəri məmnuniyyəti bizim üçün ən vacib prioritetdir. Maliyyə bazarında müştərinin dostuna çevrilmək istəyirik. Bu sahədə bizim bir təcrübəmiz də mövcuddur, bunun üçün “Unibank-ın Tam Səmimi tövsiyələri” adlı məlumat daşıyıcılarını təklif edirik. Bu məlumat daşıyıcılarında biz öz müştərilərimizə tələbatlarını və ödəniş qabiliyyətlərini aşan həcmdə kredit üçün müraciət etməmələrini, aylıq gəlirlərinin bu kreditlərin ödənişinə kifayət edib-etməməsini bir daha qiymətləndirmələrini tövsiyə edirik. Bundan başqa həmin məlumat daşıyıcılarında krediti vaxtında ödəməmələrinin hansı fəsadlara səbəb ola biləcəyi də açıqlanır. Yəni, məhsul təqdimatı ilə yanaşı, o məhsuldan istifadə ilə bağlı da müştəriyə hərtərəfli məlumat verilir.
Könül Soltanova/Banco.az