Azərbaycan Beynəlxalq Bankının (ABB) təklif etdiyi 3,3 mlrd. ABŞ dolları həcmində xarici borclarının restrukturizasiyası planı əksər kreditorlar tərəfindən dəstəklənib. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, borcun 87%-nə sahib olan kreditorlar restrukturizasiya planı ilə bağlı son qərarın verilmə tarixinə 1 gün qalmış, yəni iyulun 12-də təklifin "lehinə" səs veriblər. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, planın təsdiq olunması üçün kreditorların 2/3 hissəsinin müsbət qərarı kifayət edir.
Qeyd edək ki, ABB bəzi borclarının 20%-nin silinməsini və dövlət istiqrazları ilə əvəzlənməsini istəyir. "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." kimi xarici investorlar ABŞ-da məhkəmədə bu qərara qarşı çıxıblar. Onlar, restrukturizasiya planında Azərbaycan Dövlət Neft Fondunun iştirakını qeyri-ədalətli hesab ediblər.
Xatırladaq ki, ABB-nin xarici borclarının iflası may ayının 10-da Bankın 100 mln. ABŞ dolları həcmində kreditini ödəyə bilmədiyi zaman ortaya çıxıb. Bankın restrukturizasiya planı ilə bağlı son qərarını kreditorların iyulun 18-də keçiriləcək iclasından sonra açıqlanması gözlənilir. Müddəti 2019-cu ilin iyununda bitəcək 500 mln. dollarlıq istiqrazlara sahib olan "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." Nyu-York məhkəməsini restrukturizasiya planının ləğv etməyə çağırsa da, səsvermə keçirilmədiyi üçün məhkəmə tələbi rədd edib.
Mənbə: Report.az