Azərbaycan Beynəlxalq Bankı ötən dövrü kifayət qədər müsbət nəticələrlə başa vurub və yeni inkişaf mərhələsinə başlayıb. Bu prosesin əsas istiqamətlərindən biri də insan resurslarının effektiv idarə edilməsi istiqamətində islahatlarla bağlıdır. Bəs bu sahədə vəziyyət necədir?
Azərbaycan Beynəlxalq Bankının İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova ilə müsahibəni təqdim edirik:
-Şölə xanım, Azərbaycan Beynəlxalq Bankında kadr islahatları ilə bağlı hansı yeniliklər, hansı nəticələr var?
– Ötən dövrdə biz bankımızın insan resurslarının daha effektiv idarə edilməsi məqsədilə bu sahədə informasiya bazasının və idarəetmə proseslərinin mərkəzləşdirilməsinə başladıq. Bu istiqamətdə Azərbaycan Beynəlxalq Bankının digər banklardan fərqi o idi ki, bank 1992-ci ildə fəaliyyətə başlayandan filiallarda insan resurslarının strateji və cari idarə olunması mərkəzləşdirilmiş şəkildə həyata keçirilmirdi. Beləliklə, Baş ofis və əlavə olaraq filialların sayı qədər insan resurslarını idarəetmə fərqliliyi vardı. Mərkəzləşmə tək fiziki olaraq məlumatların bir yerə toplanmasını deyil, həmçinin vahid insan resursları siyasəti altında və təsdiqlənmiş standart mexanizmlər vasitəsilə tənzimləməni əhatə edir. Təcrübə göstərir ki, indiki mərhələdə resursların idarə olunması nə qədər çox mərkəzləşərsə, yeni mexanizmlərin tətbiqi asanlaşır və effektivlik də bir o qədər yüksəlir. Ona görə mərkəzləşmə bizim üçün mühüm idi. 2017-ci ildə bu prosesi əsasən başa çatdırdıq.
– Ötən ilin əvvəlindən mediada Azərbaycan Beynəlxalq Bankının işəqəbul elanları da görünməkdədir…
– Bəli, bankda başlanmış islahatlar həm də yeni kadrların cəlb edilməsini əhatə edir. Azərbaycan Beynəlxalq Bankında çalışan peşəkar işçilərin təcrübəsindən yararlanmaqla yanaşı, fərqli təcrübə və yanaşma tərzinə malik yeni kadrlara, həmçinin o kadrları seçməkdən ötrü yeni və şəffaf kadr seçimi mexanizmlərinə ehtiyacımız vardı. Ona görə işəqəbul sisteminin təkmilləşdirilməsi istiqamətində də işlərə başladıq. Ötən ildən başlayaraq kadr cəlbi üçün açıq elan vasitəsilə ictimaiyyətə müraciət edildi. Qısa vaxtda bankda müxtəlif mərhələləri əhatə edən işəqəbul proseduru hazırlandı və paralel olaraq tətbiq edilməyə başlandı. Artıq Azərbaycan Beynəlxalq Bankında işləmək potensialı olan hər bir namizəd üçün bərabər imkanlar yaradılıb. Təcrübəli və gənc perspektivli kadrlar Azərbaycan Beynəlxalq Bankının hansı keyfiyyətdə insan resurslarına ehtiyacı olduğunu və mövcud imkanlar daxilində bankda işləmək hədəflərini necə reallaşdırmağın mümkünlüyünü bilirlər.
– Bankın vakansiyalarına maraq necədir?
– Sizə bir statistikanı deyim. Son bir ildə banka 12 000-ə yaxın müraciət daxil olub. Bu, hələ yalnız [email protected] elektron ünvanımıza daxil olan CV-lərdir. Daxil olan bütün müraciətlər araşdırılıb. Cari vakansiyaların tələblərinə ilkin olaraq cavab verən namizədlərlə görüşlər keçirilib. Nəticədə minlərlə namizəd bir neçə mərhələdən ibarət müsahibələrə dəvət edilib. Digər namizədlər isə gələcəkdə təcrübələrinə uyğun vəzifələrə kadr cəlbində dəyərləndirilmək üçün ehtiyat kadrlar bazasına daxil ediliblər. Nəticələr barədə hər bir müraciətçi xəbərdar edilib. Çünki bu da işəqəbul siyasətimizin vacib prinsiplərindəndir. Bankın işəqəbul komandasının fəaliyyəti yalnız işə qəbul edilən namizədlərə deyil, nəticədən asılı olmayaraq müraciət etmiş bütün namizədlərə yönəlib. Müasir məlumatlandırma vasitələrindən istifadə edərək onların nəticələr barədə aydın şəkildə məlumatlandırılması bu prosesə peşəkar yanaşmanın mühüm şərtidir.
– Bəs müsahibədən keçən namizədlərin işəqəbul şansı hansı səviyyədədir?
– Qurduğumuz yeni işəqəbul mexanizminə görə Azərbaycan Beynəlxalq Bankında işə qəbul olunmaq üçün ən azı 3 mərhələni keçmək lazımdır. Bu mərhələləri keçdikdən sonra namizədin vakansiyanın tələblərinə uyğunluğu haqqında qərar verilir. Tətbiq edilən sistemin davamlılığının və şəffaflığının təmini məqsədilə təsdiq edilən daxili prosedurlar həm də ona imkan verir ki, indi menecment heyəti də, işçilər də bilirlər ki, bankda işəqəbul üçün namizəddən nələr tələb olunur və onlar hansı mərhələlərdən keçməlidirlər. İşə qəbul siyasətimizin vacib məqamlarından biri də bu idi ki, biz daha yuxarı vəzifələrin, o cümlədən Baş ofisdə yerləşən struktur bölmələrin vakant pozisiyalarının kadrlarla komplektləşdirilməsində əvvəlcə daxili resurslarımızdan istifadə etməyə üstünlük veririk. Xarici kapital bazarlarında borc alətlərinin yerləşdirilməsi, ticarətin maliyyələşdirilməsi, beynəlxalq hüquq kimi unikal sahələrdə bankımızda dəyərli kadrlar mövcuddur. Əsas layihələrimizdə bu kadrların iştirakını təmin edirik. Bəzi yeni yaranan funksiyaların icrası və ya əlavə resursların cəlbinə ehtiyac yarandıqda isə bankxarici namizədlərə müraciət edirik. Ötən dövrdə 25 bankdaxili, 60-dan çox bankxarici iş elanımız olub. Nəticədə kadrlara ehtiyac olan istiqamətlər üzrə yüzlərlə namizəd müvafiq prosedurlardan keçərək Azərbaycan Beynəlxalq Bankında işə qəbul olunub.
Sadəcə özünə iş tapmaq istəyən namizədlərin deyil, digər banklarda və biznes qurumlarında çalışan, peşəkar karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirmək arzusunda olan peşəkarların vakansiyalarımıza marağı da bankın işəgötürən və İnsan resursları brendinin formalaşmasının göstəricilərindəndir. Bu, çox pozitiv məqamdır.
Həmçinin işə qəbul siyasətimizin əsas hədəflərindən biri də universitetlərdən yeni məzun olmuş potensiallı və bank sektorunda karyera qurmaq istəyən namizədləri Bankın fəaliyyətinə cəlb edilərək ilkin qiymətləndirmədən sonra ehtiyac olan fəaliyyət istiqamətləri üzrə onların sistemli və planlı şəkildə yetişdirilməsi və öyrənmə dövründə özünü reallaşdıran kadrların işə qəbul üçün növbəsini gözləyən ehtiyat işçi bazasına daxil edilməsidir.
Yeni işə qəbul olunan əməkdaşların isə adaptasiyası ilə bağlı həm prosedurlar hazırlamışıq, həm də bu prosedurları həyata keçirməyə başlamışıq. Yeni əməkdaş işə qəbul edilərkən, sistemə onun haqqında məlumat daxil edilir və onun gəlişinə müəyyən təşkilati-texniki hazırlıq işləri gedir. İlk gündən onlarla bankımızın dəyərləri, işçilərimizdən gözləntilərimiz açıq müzakirə edilir. Bu da işə qəbul olunmuş hər bir insanın yeni mühitə rahat adaptasiyasına, motivasiya olunmasına ciddi təsir göstərir.
Ümumilikdə ötən dövr ərzində insan resurslarının idarə edilməsinin digər strateji və cari istiqamətlərində də islahatlar başlanıb. Növbəti dövrdə isə sistemin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər hələ çoxdur.
– Son illər gənclərin işəgötürənlərin namizədlərə qarşı tələblərindən kütləvi gileyləri eşidilir. Sizə elə gəlmir ki, Azərbaycan Beynəlxalq Bankının da mövcud vakansiyaları tutmaqdan ötrü namizədlər qarşısında qoyduğu tələblər həddən artıq sərtdir?
– Əslində biz mövcud pozisiyanın meyarlarına ən çox uyğun gələn kadrları axtarırıq. Mövcud vəzifənin tələblərindən daha yüksək potensiala malik kadrların cəlb olunmasının özü də risklidir. Çünki bir müddət işlədikdən sonra o işçilərin iş yerindən gözləntiləri dəyişir. Gördükləri iş onları sıxmağa başlayır. Hər kəs öz qabiliyyətinə, bilik və bacarığına, həmçinin hədəflərinə uyğun işlə məşğul olduqda özünü həmin işdə daha xoşbəxt hiss edir, məhsuldarlıq da yüksək olur. Amma gördüyü iş təcrübəsindən, bilik və bacarığından daha aşağı olanda müəyyən müddətdən sonra işçilər ya özlərinə başqa iş axtarırlar, ya da işəgötürən qarşısında gözləntiləri artır. Ona görə, biz diqqət edirik ki, yüksək potensiallı kadrları uyğun işlərə cəlb edək. Niyyətimiz heç də o deyil ki, işçi uzun müddət o vəzifədə çalışsın. Elə mütəxəssisləri cəlb edirik ki, onlar müəyyən dövrdən sonra öz sahələrində menecer səviyyəsinə qədər çata biləcək potensial və hədəfə sahib olsunlar. Bütün hallarda müvafiq vəzifənin tələblərinə uyğun namizədlərin cəlbi daha məqsədəuyğundur.
– İşçilərə münasibətdə əsas dəyərləriniz, kadrlardan başlıca gözləntiləriniz nələrdir?
– Azərbaycan Beynəlxalq Bankının müasir dövlət bankı olması həm ümumi dəyərlərimizdə, həm işçilərdən gözləntilərimizdə bir çox spesifik çağırışları ehtiva edir. İşçilərdən əsas gözləntilərimiz yüksək intellekt və davamlı fərdi inkişaf, çalışqanlıq, komanda işi bacarığı, empati duyğusu, başqalarına dəstək hissi, təşəbbüskarlıq, yaradıcı və effektiv yanaşma, davamlılıq, şəffaflıqdır. Düşünürük ki, bankın idarə edilməsində böyük və ya kiçik, fərq etməz hər kəsin rolu olmalıdır. Qısa müddətdə adaptasiya, sürətli öyrənmə və mütərəqqi istiqamətdə dəyişikliklər də işçilərimizdən gözləntilərimizə daxildir. Azərbaycan Beynəlxalq Bankı olaraq elə bir sistem qurmaq istəyirik ki, formalaşdırdığımız kadr potensialı ilə təkcə biznes maraqlarımızı təmin etməyək. Ölkənin iqtisadi-maliyyə sektoru üçün kadr potensialının inkişafında da rol alaq.
– Bu, maliyyə sahəsində təhsil alan tələbələri, o cümlədən gənc məzunları maraqlandıran əsas suallardan biridir: Azərbaycan Beynəlxalq Bankında indi təcrübə proqramı varmı?
– Ötən ildən təcrübə proqramına başlamışıq. Amma bu proqrama qəbul şərtləri də kifayət qədər ciddidir. Çünki biz gənc mütəxəssisin bankda təcrübə proqramı keçməsinə formal proses kimi yanaşmırıq. Təcrübə proqramını hər hansı qısamüddətli hədəflərə çatmaq məqsədilə təşkil etmirik. Təcrübəçilər də proqrama təxminən işəqəbul səviyyəsində prosedurlardan keçərək cəlb olunurlar. Biz təcrübəçilərin cəlb olunması və yetişdirilməsi ilə bağlı məsuliyyətimizin fərqindəyik. Təcrübəçilərin çoxuna potensial olaraq gələcək işçilərimiz kimi baxırıq. Müəyyən müddətdən sonra bankın kadr ehtiyaclarından asılı olaraq onlarla bağlı ya işəqəbulla əlaqədar qərar qəbul olunmalıdır, ya da gənclərin maliyyə əmək bazarına keçidi üçün şərait yaratmalıyıq. Həmçinin bildiyiniz kimi bank sektoru bank və kommersiya sirri ilə sıx bağlı sahələrdəndir. Müvafiq məlumatlara buraxılışın əldə edilməsi, onların qorunması xüsusi məsuliyyət və prosedurlar tələb edir. Qeyd edilənləri nəzərə alaraq bankın fəaliyyətinə cəlb edilən gənc təcrübəçilərlə münasibətlərimizi hüquq müstəvisində möhkəmləndirmək üçün onlarla ikitərəfli hüquqi rəsmiləşmə prosesi də aparılır. Tərəflər öhdəliklərini və məsuliyyətlərini təsdiq edirlər. Gənc təcrübəçilər gələcək iş həyatları üçün dəyərli praktik bilik bazası formalaşdırırlar. Bankımızın müxtəlif strukturlarının fəaliyyətinə təcrübəçi kimi cəlb edilmiş onlarla gənc kadr bu müddət ərzində göstərdikləri nəticələrə görə və daxili ehtiyaclar nəzərə alınaraq hazırda Azərbaycan Beynəlxalq Bankının əməkdaşları sırasına qoşulublar.
– Bank əməkdaşları üçün təlimlər təşkil olunurmu?
– Əməkdaşların fərdi inkişafı məsələləri, həmçinin təlim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Ötən il bir sıra təlimlər təşkil etdik. Təlimlərimiz, əsasən, ön ofis işçiləri üçün daxili təlimçilər (öz əməkdaşlarımız tərəfindən) hesabına həyata keçirildi. Bildiyiniz kimi, ölkədə maliyyə bazarları üzrə davamlı olaraq aparılan islahatlar çərçivəsində qanunverici orqanlar, tənzimləyici institutlar tərəfindən, eləcə də bankın öz daxilində müxtəlif yeni qərarlar, prosedurlar qəbul olunur. Onların şərtlərinin düzgün anlaşılmasından, bu qərarların tətbiqi zamanı üzləşdiyimiz problemlərin qısa həlli yollarının müəyyən edilməsindən ötrü əməkdaşlarımız üçün təlim-seminarlar keçiririk. Ötən il həmçinin menecment heyətinin peşəkarlığının artırılması istiqamətində fərdi və kollektiv şəkildə liderlik təlimlərinə başladıq. Bankımızın maliyyə dəstəyi ilə onlarla gənc əməkdaşımız da beynəlxalq sertifikasiya proqramlarında uğurla iştirak etdilər və müxtəlif istiqamətlərdə peşəkarlıq dərəcəsi qazandılar. İşçilərin inkişafı istiqamətində daha böyük nəticələr əldə etmək 2018-ci il üzrə prioritet hədəflərimizdəndir.
– Bank komandasında gender balansı, işçilərin orta yaş həddi necədir?
– Hazırda bankda 1700-dən çox əməkdaş çalışır. Onlardan təxminən 49% i xanım, 51%-i kişi həmkarlardır. Qeyd edim ki, son bir ildə xüsusən rəhbər vəzifələrdə xanım əməkdaşların sayı 20% dək artıb. İşçilərimizin orta yaş həddi 37 yaş təşkil edir. Əməkdaşlarımızın Azərbaycan Beynəlxalq Bankında orta staj dövrü təxminən 7 ildir.
– Bu il sırf insan resursları istiqaməti üzrə başqa hansı hədəfləriniz var?
– Ötən il daha çox infrastruktur məsələləri və ehtiyac olan istiqamətlərdə işçi yığımına fokuslanmışdıq. Həmçinin o dövrü müəyyən mənada öz işçilərimizin potensialı ilə tanışlıq ili də adlandıra bilərik. Mövcud əməkdaşların öz maraq və qabiliyyətlərinə uyğun yerləşdirilməsi üçün müəyyən işlər görülüb. 2018-ci ildə də ötən il başladığımız işlərin təkmilləşdirilməsi, daha effektiv proqram təminatları vasitəsilə işçilərimiz haqqında ətraflı məlumat bazasının formalaşdırlması, əməkdaşların inkişaf ehtiyaclarının düzgün müəyyən edilməsi və əldə edilən məlumatların effektiv idarə edilməsi, bankımızda insan resurslarının idarə edilməsinin müasir, eyni zamanda yerli tələblərə uyğunlaşdırılmış standartlarının tətbiqi nəzərdə tutulub. Bu işləri tək daxili resurslarımız hesabına yox, müvafiq sahədə peşəkar konsultasiya şirkətlərinin cəlbi ilə görürük. Hazırda tələb edilən bilik və bacarıqların dairəsi, məsuliyyət həddi və bankın idarə edilməsində oynadığı roldan asılı olaraq bank üzrə bütün vəzifələrin dərəcələndirilməsi sistemi qurulur. Baza əmək haqqının daha effektiv və ədalətli şəkildə strukturlaşdırılması, fəaliyyət nəticələrinə əsaslanan mükafatlandırma sisteminin yaradılması və s. bu kimi məsələlərə diqqət yönələcək. Təlim və fərdi inkişaf məsələlərinə gəlincə, gələcəkdə bank və menecment istiqamətində kadrlar yetişdirən Akademiya səviyyəsində bir mərkəzə malik olmaqdan ötrü indidən bu işin ən azı bir şöbə səviyyəsində təməlini qoymağı düşünürük.
Bankda komanda ruhunun artırılması və əməkdaşların motivasiyası ilə bağlı da bir çox tədbirlər görülür. Daxili kommunikasiya vasitələri ilə əməkdaşlarımızın önəmli günləri, uğurları barədə daim bütün bank komandası ilə məlumat paylaşılır. Azərbaycan Beynəlxalq Bankında daxili futbol çempionatı keçirdik. Çempionatda həm Baş ofisin, həm də filialların əməkdaşları iştirak edirdi. Bundan başqa əməkdaşlarımız arasında “Nə?, Harada?, Nə zaman?” intellektual yarışı oldu və çox maraqlı bir yarışma alındı. Belə tədbirlər zamanı məlum olur ki, eyni təşkilatda işləyə-işləyə bəzən bir-birimizi yaxşı tanımırıq. Ona görə də əməkdaşları bir-birinə doğmalaşdıran bu cür tədbirlər çox faydalıdır. Bankın digər departamentlərinin də dəstəyi ilə müxtəlif kommunikasiya vasitələrindən istifadə edərək mütəmadi şəkildə bank əməkdaşları üçün müxtəlif aksiyalar təşkil edilir. Yaxın gələcəkdə də planlaşdırılan maraqlı daxili çempionatlara hazırlıq işləri başlayıb.
– Azərbaycan Beynəlxalq Bankı son illər çox çətin sınaqlardan keçdi. Bu gün bankda ümumi korporativ ruh necədir?
– Korporativ ruhun idarə edilməsi menecmentin əsas missiyalarındandır. Yalnız kompleks tədbirlər, qarşılıqlı etibar və bütün menecmentin fəal iştirakı vasitəsilə bu istiqamətdə daha uğurlu nəticələr əldə etmək olar. Bilirsiniz, işçi ilə işəgötürən arasında rəsmi əmək müqaviləsinin tənzimlənməsi formal hüquqi tələbdir və texniki məsələdir. Amma bundan da mühümü tərəflərin gözləntilərinin idarə edilməsini nəzərdə tutan sosial-psixoloji müqavilədir. Psixoloji müqavilənin də uğurla tənzimlənməsi üçün işəgötürən və işçinin bir-birinin gözləntilərindən məlumatlı olması çox vacibdir. Bu baxımdan, peşəkarlıqdan başqa, fərd olaraq da bir-birimizi daha yaxşı tanımağa, güvənməyə, müxtəlif kommunikasiya alətlərindən istifadə etməyə və şəffaflığa çalışırıq. Azərbaycan Beynəlxalq Bankında müvafiq istiqamətdə görülən işlər bəhrəsini verməyə başlayır. Bankın institusional və biznes idarəedilməsində, insan resurslarının düzgün menecmentində qarşıya qoyulan hədəflərə çatdıqca bu sinerji daha da güclənir.
apa.az