Azərbaycana səfərdə olan Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (SINOSURE) nümayəndə heyəti
Azərbaycan Beynəlxalq Bankında olub. Korporasiyanın icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Abbas İbrahimov onlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Qonaqları ölkəmizin iqtisadi həyatında Azərbaycan Beynəlxalq Bankının rolu barədə məlumatlandıran Abbas İbrahimov bankın çoxlu sayda korporativ müştərilərin böyük biznes tərəfdaşı olduğunu, irimiqyaslı biznes layihələrinə dəstək verdiyini qeyd edib.
Öz növbəsində, Vanq Yin də təmsil etdiyi korporasiyanın fəaliyyəti barədə danışıb. Çinin biznes qurumlarının Azərbaycan şirkətləri ilə əməkdaşlığına dəstək niyyətlərini açıqlayıb. Bankla bu sahədə gələcək tərəfdaşlıq imkanlarına diqqət yönəldib.
Müzakirələr zamanı qarşılıqlı əlaqələrin davam etdirilməsi, xüsusilə bankın korporativ müştərilərinin belə bir tərəfdaşlıq imkanı barədə məlumatlandırılması və s. məsələlər üzrə ümumi rəy əldə olunub.
Xatırladaq ki, adı çəkilən Korporasiya dünyadakı ixrac kredit agentlikləri arasında ən böyüyüdür. Qurum 2001-ci ilin dekabrında fəaliyyətə başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. SINOSURE dünya miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. SINOSURE hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.