Banklar varlanır – 11 ayda 347 milyon manat qazanıblar | Banco.az

Banklar varlanır – 11 ayda 347 milyon manat qazanıblar

Dekabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 38-i mənfəətlə, 5-i zərərlə işləyib.
Mərkəzi bankın verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 346,89 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 12,73 milyon manat təşkil edib. Nəticədə bank sisteminin cəmi mənfəəti 334,16 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dekabrında Azərbaycanın 43 bankından 35-i mənfəətlə, 8-i isə zərərlə işləyirdi.
Zərərlə işləyən bankların sayının azalması, o cümlədən mənfəətlə işləyən bankların mənfəətinin artması nəticəsində son 1 ildə banklar tərəfindən əldə edilmiş mənfəət 1,4 dəfə çoxalaraq 244,44 milyon manatdan 346,89 milyon manata yüksəlib. Həmin dövrdə zərərlə işləyən bankların zərəri 7,3 dəfə azalaraq  93,31 milyon manatdan 12,73 milyon manata düşmüşdür.
Ötən ilin əvvəlində 8 bank, iyul ayında 3 bank, avqust ayında isə 4 bank zərərlə işləyirdi.

Ən sərfəli kredit üçün müraciət et

Əgər 2012-ci ilin dekabrında zərələ işləyən bir bankın orta hesabla 11,7 milyon manat zərər düşürdüsə, artıq ötən ilin dekabrında zərərlə işləyən bir banka orta hesabla 2,54 milyon manat zərər düşüb.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili isə 130,01 milyon manat mənfəətlə başa vurmuşdu.

marja.az