Banklar iqtisadiyyatın real sektoruna niyə kredit ayırmır? | Banco.az

Banklar iqtisadiyyatın real sektoruna niyə kredit ayırmır?

"Ölkə rəhbəri İlham Əliyev tərəfindən özəl bankların fəaliyyətinə dair bildirilmiş irad öz növbəsində ilk irad deyil. Prezident bir müddət əvvəl də özəl banklara öz iradını bildirmiş və onların fəaliyyətindən məmnun olmadığını qeyd etmişdi". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.

"Əslində isə vəziyyət belədir: hal-hazırda kredit portfelində istehlak kreditlərinin payı 41%-ə çatır. 2005-ci ildə isə bu rəqəm 27%-ə bərabər idi. Bugün 16,7 milyard manatın 6 milyard manatı istehlak kreditləşməsinin payına düşür. Zaman keçdikcə istehlak kreditləşməsinin həm payı, həm də həcmi artmaqda davam edir. Bu problem hal-hazırda MDB ölkələrinin əksəriyyəti üçün aktualdır. Bu ondan xəbər verir ki, banklar iqtisadiyyatın real sektoruna maraq göstərmir və istehlak kreditlərinin təqdim olunmasına üstünlük verirlər.

Bu vəziyyətin meydana gəlməsinin subyektiv səbəbləri olsa da, obyektiv səbəblər üstünlük təşkil edir. İlk növbədə, real sektorda risk dərəcəsinin yüksək olması səbəbindən banklar sözügedən sektora kredit ayırmaqdan tamamilə imtina edirlər. Burada əsas risk isə ondan ibarətdir ki, real sektora yönəldilmiş vəsaitlərin qaytarılmasında müəyyən problemlər hökm sürür. Real olaraq, aşağı məbləğdə istehlak kreditləri təqdim etmək və vəsaitlərin geri qaytarılmasında heç bir problem yaşamamaq banklar üçün daha cəlbedici və asan görünür. Qısacası, belə bir vəziyyətin müşahidə olunmasının başlıca səbəbi risklərin mövcudluğudur.

Ən sərfəli kredit üçün müraciət et

İkinci növbədə isə istehlak kreditləşməsindən fərqli olaraq, real sektor daha çox vəsait tələb edir. Bankların isə ya bu sektor üçün ayıracaqları vəsaitləri olmur ya da bu vəsaitlər məhdud səviyyədə olur. Bütün bu səbəblərdən əlavə, məhkəmə sistemində də müəyyən problemlər qeydə alınır", deyə ekspert məsələyə aydınlıq gətirib.

Sevinc İbadova/Banco.az