Bundan sonra banklar krediti verərkən müştərilərin kredit tarixçəsi ilə bərabər, həm də onların borc və digər öhdəlikləri ilə maraqlanacaq. Bu məsələ xüsusi ilə bu günlərdə, bankların risklərinin artdığı bir dönəmdə gündəmə gəlmişdir. Həmin məlumatları almaq üçün isə yeni bir quruma ehtiyac var. Söhbət yeni yaradılacaq kredit bürosundan gedir. Büroya üzv olan bankların hər biri öz müştəriləri ilə bağlı məlumatları vahid bazaya ötürəcəklər. Yeni yaradılacaq qurumun Mərkəzi Kredit Reyestrindən bir sıra fərqli cəhətləri də vardır.
Özəl kredit bürosu vətəndaşlar haqqında hər tərəfli məlumat əldə etməyə, o cümlədən borclu vətəndaşların öz borclarını vaxtında ödəyib-ödəməməsinə nəzarət etməyə də imkan verəcək.
Məsələ ilə bağlı, bank mütəxəssisi Şahin Məmmədov bildirib ki, gələcəkdə mobil operatorların, kommunal xidmətlərin ödənilməsi ilə bağlı məlumatlar, vergi borclarının olması ilə bağlı məlumatların da bu bazada toplanması nəzərdə tutulub. Bunun nəticəsi olaraq borclu barədə daha detallı məlumat və borclunun ödəmə qabiliyyətinin ölçülməsinə dair daha ətraflı məlumat əldə etmək mümkün olacaq.
Artıq kredit bürosunun yaradılması üzrə 11 bankın daxil olduğu icra komitəsi təsis edilib. Hazırda komitə özəl kredit bürosunun yaradılması üçün texniki partnoyorun seçilməsi işlərinə start verib. Büronun yaradılması üçün həlledici rol oynayan özəl kredit büroları haqında qanunun isə yaxın vaxtlarda parlamentdə müzakirə olunması gözlənilir. Mütəxəssislərin fikrincə özəl kredit bürolarının yaranışı ilk növbədə kredit risklərinin aşağı düşməsinə kömək edəcək.
Mənbə: ANS