“Bank Standard”ın kreditorları Banka borcların qaytarılması prosesini təqib etmək istəyir | Banco.az

“Bank Standard”ın kreditorları Banka borcların qaytarılması prosesini təqib etmək istəyir

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfelinin əsas hissəsini bir neçə hüquqi şəxsə verilmiş iri məbləğdə kreditlər təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) həmin şirkətlərdən pul almaq iqtidarında deyil.

“Milyonlarla manat pul hansısa firmaya, məhdud məsuliyyətli cəmiyyətə verilib. Fondun rəhbərliyi da baxır ki, şirkətin bu gün heç nəyi yoxdur, banka girov da qoymayıb, üstəlik arxasında hansısa məmur durub, bankdan pulu da onun tapşırığı əsasında alıb, fikirləşir ki, onsuz da ondan pulu geri ala bilməyəcək, batmış kredit kimi rəsmiləşdirir. Odur ki, kreditorlar özləri borcların qaytarılması prosesini təqib etməlidir. Məsələn, iri kreditorlardan olan “Qala Həyat Sığorta” şirkəti hansısa iri şirkətin “Bank Standard”a olan borcunu necə qaytardığını izləyə bilər”, - deyə Ə.Həsənov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Kreditorlar bu təklifi müsbət qarşılayıblar. Bununla yanaşı, onlar təklif ediblər ki, ilk növbədə “Bank Standard”ın keçmiş vəzifəli şəxsləri barədə tədbir görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunsun. Ə.Həsənov da bunun tərəfdarı olduğunu deyib. O, Bankın qanunsuzluqlarda iştirak etməmiş, lakin buna məqsədli şəkildə göz yummuş vəzifəli şəxsləri barədə Azərbaycan Mərkəzi Bankına, Maliyyə Bazarlarına Nəzarət Palatasına, eləcə də Baş Prokurorluğa müraciət ediləcəyini bildirib.

Mənbə: Report.az