Ləğv prosesində olan "Bank Standard" QSC-nin vaxtilı verdiyi təminatsız kreditlərə görə Bankın balasına daha 61 mln. manatlıq əmlak götürülüb.
Bu barədə "Bank Standard"ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) İcraçı direktorunun müavini Vüqar Abdullayev Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bu əmlaklar son 1-2 ay ərzində girov kimi əldə edilib və likvid vəsait hesab olunur. Yaxın vaxtlarda onların satılmasına çalışacağıq. Son 1-2 ayda həmçinin kreditorların tələbləri və deməli bankın öhdəlikləri də 44 mln. manat azalıb", - deyə o, qeyd edib.
V.Abdullayevin sözlərinə görə, girov əmlakların hərrac yolu ilə satışı davam edir və indiyə qədər 2 mln. manat dəyərində daşınar və daşınmaz əmlak satılıb.
"Bütün əmlaklar hərracdan əvvəl bazardakı vəziyyətə uyğun qiymətləndirilir. Çalışırıq ki, yuxarı qiymətə satılsın. Nəqliyyat vasitələrində adətən 2-3 nəfər mübarizə apardığı üçün qiymətlər artır”.
O, həmçinin qeyd edib ki, hazırda “Bank Standard”la bağlı 300 məhkəmə işınə baxılır: "Bu işlər 155 mln. manat məbləğində vəsaiti əhatə edir. 195 mln. manatlıq məhkəmə işi isə artıq icradadır. Kredit yığımları həyata keçirilir. Böyük kredit sahibləri ilə bağlı danışıqlar aparılır. Hələlik bu məsələdə inkişaf yoxdur".
Bundan başqa, ADIF rəsmisinin sözlərinə görə, "Bankın ləğv edilməsi prosesi uzana bilər. "Əksər ölkələrdə ləğvetmə prosesinə məhdudiyyət qoyulmur", - deyə o, qeyd edib.
V.Abdullayev bildirib ki, rəhbərlik etdiyi qurum indiyə qədər "Bank Standard"ın qorunan əmanətçilərinə 437 mln. manat kompensasiya ödəyib. Bunun isə 85 mln. manatını Fond geri qaytara bilib.
Report.az