Bank sektorunun analitik icmalı - YARIMİLLİK | Banco.az

Bank sektorunun analitik icmalı - YARIMİLLİK

Ümumilikdə Bank sektoruna əhalinin inamının azalmasına baxmayaraq, Banklar tərəfindən hələ də bu inamın bərpası istiqamətində ciddi addımlar müşahdə olunmur. Bu inamın bərpası üçün yeni keyfiyyətdə, modern məhsul və xidmətlərin təqdim edilməsi və onların düzgün bir şəkildə kommunikasiya olunması önəmlidir.  Bir çox Bankirlər elə düşünürlər ki, ilkin olaraq insanların ehtiyacları yaranmalı daha sonra onları ödəmək üçün məhsullar formalaşdırılmalıdır. Əslində isə bunun əksini düşünən və öz müştərilərini yeni innovativ texnologiyalardan istifadə etməklə, yeni bankçılıq trendlərinə öyrədərək inkişaf edən banklar daha avantajlı mövqedə olurlar. Düzdür bu yol daha çox vəsait və zəhmət tələb edən yoldur ancaq uzunmüddətli perspektivdə bu istiqamət öz bəhrəsini artıqlaması ilə verir. Baxmayaraq ki, bir sıra banklar mobil və internet bankçılıq xidmətlərinin tətbiqi ilə, müştərilərinin bankçılıq təcrübələrini təkmilləşdirməyə çalışırlar bu istiqamətin geniş yayılması istiqamətində kommunikasiyalar yetərli görünmür.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət palatasının yayımladığı 30.06.2018-ci il tarixinə statistik məlumatları ötən ilin müvafiq dövrü və ilin əvvəlinə göstəricilərlə müqayisədə analitik göstəriciləri də Bank sektoruna insanların inam səviyyəsini əks etdirir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 iyun 2018-ci il tarixinə göstəricilərdə Bank sektorunun ümumi aktivlərində 6.8% azalma müşahidə olunur. 30.06.2017-ci il tarixində aktivlərin həcmi 30.04 mlrd manat təşkil etdiyi halda, 30.06.2018-ci ildə bu göstərici 27.99 mlrd manat olmuşdur. Bu ilin əvvəli ilə müqayisədə isə 0.2% artım müşahidə olunur. Ötən illə müqayisədə aktivlərin həcmində olan azalma əsasən kredit portfelində olan azalma əsasındadır. Belə ki, müştərilərə verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.04 mlrd manat azalmışdır. Bankların ümumi kredit portfeli 30.06.2017-ci il tarixində 13.46 mlrd manatdan 30.06.2018-ci il tarixində 11.71 mlrd manatadək azalmışdır ki, bu da 13%-lik bir azalmadır. İlin əvvəlinə olan göstəricilərlə müqayisədə isə 3.3% artım müşahidə olunur.

Balansın öhdəliklər tərəfində baxdıqda isə cəmi öhdəliklərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8%-lik azalma müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixinə cəmi öhdəliklər 27.32 mlrd manat olduğu halda 30.06.2018-ci ildə bu göstərici 24.09 mlrd manat olmuşdur. İlin əvvəli ilə müqayisədə cəmi öhdəliklərdə 0.5%-lik azalma müşahidə olunur. Bank sektorunun depozit portfelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4%-lik artım (30.06.2017 – 16.69 mlrd manat, 30.06.2018 – 17.25 mlrd manat) müşahidə olunsada bu artım əsasən tələbli depozitlər hesabınadır. Belə ki, fiziki şəxslərin bir ilədək yerləşdirdikləri əmanətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.6% artım (30.06.2017 – 1.73 mlrd manat, 30.06.2018 – 2.35 mlrd manat), hüquqi şəxslərin tələbli əmanətlərində isə 26.7% artım (30.06.2017 – 5.88 mlrd manat, 30.06.2018 – 7.64 mlrd manat)   müşahidə olunur. Həmçinin, hüquqi şəxslərin müddətli əmanətlərində kəskin azalma müşahidə olunmaqdadır. Belə ki, ötən ilin müvafiq dövründə hüquqi şəxslərin müddətli əmanətləri 3.93 mlrd manat olduğu halda, 30.06.2018-ci il tarixində bu göstərici 54.6% azalaraq 1.78 mlrd manat təşkil etmişdir.

Maliyyə hesabatlarında həmçinin maliyyə institutlarının banklarda yerləşdirdikləri əmanət həcmlərində ciddi fərqlər var. Belə ki, maliyyə institutlarının 30.06.2017-ci il tarixinə banklarda olan depozitlərinin həcmi 3.99 mlrd manat olduğu halda, 30.06.2018-ci ildə bu göstərici 70.5% azlaraq 1.18 mlrd manat təşkil etmişdir. Azalma tendensiyası 2018-ci ilin əvvəlindən etibarən də davam etmişdir. Belə ki, ilin əvvəlinə olan göstəricilərlə müqayisədə bu göstərici üzrə 22.1%-lik azalma müşahidə olunmuşdur. Bankların maliyyə resurslarına olan ehtiyaclarını bir qismini qiymətli kağızların buraxılışı hesabına təmin etməyə çalışdığı görünür. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar 30.06.2017-ci il tarixində 0.21 mlrd manat olduğu halda 30.06.2018-ci ildə bu göstəricidə yeddi dəfədən artıq artım müşahidə olunaraq  1.85 mlrd manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların sayında azalma olsada (30.06.2017 – 31 bank, 30.06.2018 – 30 bank) bankların kapital həcmində artım müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixində bankların cəmi kapitalı 2.71 mlrd manat təşkil etdiyi halda, 30.06.2018-ci il tarixində bu göstərici 3.90 mlrd manat təşkil etmişdir ki, bu da 43.8% lik bir artımdır. İlin əvvəli ilə müqayisədə də bu göstəricidə 5.2%-lik artım müşahidə olunmuşdur.

Bankların gəlirlərinin strukturuna baxdığımız zaman faiz gəlirlərində ötən ilin müvafiq dövrünə olan göstəricilərlə (30.06.2017 – 1.01 mlrd manat, 30.06.2018 – 0.84 mlrd manat) müqayisədə 16.3% azalma müşahidə olunduğunu görürük. Qeyri faiz gəlirləri də 45.8% azalma ilə 30.06.2018-ci il tarixinə 0.25 mlrd manat təşkil etmişdir. Bankların xalis mənfəəti ötən ilin 30.06.2017-ci il tarixində 84.9 mln manat təşkil etdiyi halda, 30.06.2018-ci il tarixində bu göstərici 36.3 mln manat olmuşdur.

Digər maraqlı bir göstərici Bankların filiallarının sayı ilə bağlıdır. Ötən ilin iyun ayının sonuna Bankların ümumi filiallarının sayı 560 filial təşkil etdiyi halda, bu ilin eyni dövründə bu göstərici 511 filial təşkil etmişdir. Bu bir il ərzində 49 filial bağlanmışdır. Maraqlıdır ki, filialların sayında azalmaya baxmayaraq Banklarda çalışan əməkdaşların sayında artım müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixində Bank işçilərinin ümumi sayı 16095 nəfər olduğu halda, 30.06.2018-ci il tarixində bu göstərici 16737 nəfər olmuşdur. Qeyd edim ki, bank işçilərinin sayında il ərzində artım rəqəminin yəni 642 nəfərin 566 nəfəri bu ilin əvvəlindən olan dövr ərzində işə alınıb.

Bank sektorunun cari vəziyyətini analiz etdikdə belə nəticəyə gəlmək olar ki, bu sektorda ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Daha təkmil idarəetmə modelləri tətbiq olunmaqla modern bankçılıq nümunəsi yaradılmalıdır. Qeyd edim ki, bazarda bir iki bankda artıq bu istiqamətdə ciddi nəaliyyətlər müşahidə olunur. Bu addımları ilə düşünürəm onlar ciddi rəqabət üstünlüyü əldə edəcəklər.

Sənan Həsənov