Bank of Baku əməkdaşı olmaq üçün nə etməli? | Banco.az

Bank of Baku əməkdaşı olmaq üçün nə etməli?

Müsahibimiz: Bank of Baku-nun İdarə Heyəti Sədrinin Müavini, İctimaiyyətlə Əlaqələr, Reklam və İnsan Resursları Sahəsinin Rəhbəri Zaur Qaraisayev

Bankda iş tapmaq üçün bura daxil olun -  http://banco.az/az/jobs

Bu gün Azərbaycanın bir çox aparıcı banklarında məhz Bank of Baku-nun yetirmələri, yəni keçmiş əməkdaşları çalışır, məhz hansı ənənələrinə görə Bank of Baku-nu məktəb hesab etmək olar?

Bunu qeyd etməniz qürurvericidir.

Fikrimcə, istənilən sahədə bir qurum hansısa ixtisaslaşma edirsə və yüksək nailiyyətlər qazanırsa, onun mütəxəssislərinə tələb yüksəlir. Bank of Baku da əməkdaşlar ilk gündən müəyyən mədəniyyət və prinsiplərlə tanış olurlar. Bunlardan əsasları – daxili tələblərə və qanunvericiliyə uyun işləmək, öz hərəkətləri ilə bankın adına xələl qətirməmək, daim öz üzərində çalışmaq, kollektivdə “biz bir ailəyik” şuarını dəstəkləmək, istənilən əməkdaşa dəstək olmaq və s. Sonsuz sıralamaq olar, lakin bu sadəcə ideoloji yanaşma deyil, siz bu mədəniyyətin nümunələrini ali rəhbərlikdən sıravi ekspertlərə qədər görə bilərsiniz.

Bank of Bakunun bir məktəb olması isə bizim tərəfdən deyil, bizim rəqiblərimiz, partnyorlarımız, nəzarət orqanları tərəfindən hər zaman deyilib, bu isə bizim üçün əlavə mənəvi məsuliyyətdir. 

Zaur bəy, özünüz nə zamandan bəri Bank of Bakuda çalışırsınız, özünüzün işə qəbul prosesini xatırlayırsınızmı?

07 Noyabr 2002-ci il tarixində Bank of Baku ailəsinə qoşuldum. İşə qəbul zamanı danışıqlar indiki kimi yadımdadır. Mən digər bankda artıq şöbə müdiri vəzifəsində çalışırdım, lakin buna baxmayaraq  Bank of Baku-ya ekspert vəzifəsinə keçməyə razılıq verdim. Burada perspektiv olduğunu düşünürdüm və bu riski qəbul edərək razılaşdım. Və yanılmadım.

Yəqin ki, Siz indi işəqəbul prosesində bir-başa iştirak etmirsiniz, baxmayaraq ki, bu sahə Sizin kurasiyanız altındadır. Bəs, işə qəbul prosessini hansı departament və ya şöbə həyata keçirir?

Ümumilikdə işə qəbul prosesi bir neçə mərhələdən ibarətdir. Yəqin ki siz müsahibə etapını nəzərdə tutursuz. Müsahibədə iştirak vakansiyadan asılıdır. Misal üçün sıravi vəzifələrə qəbul zamanı müsahibələri yalnız İnsan Resursları Departamentinin İdarəetmə Şöbəsinin əməkdaşları keçirir. Lakin daha yüksək vəzifələr üçün İdarə Heyətinin Sədri belə cəlb oluna bilər.

Bank of Baku olaraq, yeni işçidə nə axtarırsınız? İşçilərdə əsas görmək istədiyiniz nələrdir?

İlk olaraq təklif olunan vakansiyanın namizədin xarakterinə, aktivlik dərəcəsinə uyğunluğu vacibdir. Burada həm də kollektivdə işləmək bacarığı, lazım olduğu halda ünsiyyət qurma qabiliyyətinə fikir verilir. Ümumilikdə isə, Bankda daha çox vəzifələrin hansısa hesablama və təhlil işləri ilə məşqul olduğundan, namizədin məntiqi düşünmə qabiliyyətini yoxlayırıq.

Gəlin sualları sistemli şəkildə quraq. Bank of Baku-da işə düzəlmək istəyən gənc hansı mərhələlərdən keçməlidir, yəni işə düzəlmə prosesi neçə mərhələdən ibarətdir (CV, İQ imtahanı, müsahibələr, staj və s)?

Ümumilikdə sıralamanı düz vermisiz. İlk olaraq CV qəbul edilir və ümumi bazaya daxil edilir. Vakansiya yarandıqda CV-lərdən daha uyğun olanlar seçilir (misal üçün yaş, təhsil, yaşayış ünvanı) və ilkin məntiq testlərinə dəvət olunurlar. Bir çox halda biz namizədləri Profile XT sistemi ilə də mövcüd vakansiyaya uyğunluğunu yoxlayırıq. Bu sistem insanın bir çox bacarıq və qabiliyyətlərini qiymətləndirir və bizim həmin vəzifədə çalışan əməkdaşdan gözlədiyimiz minimum səviyyə ilə tutuşdurur. Bu testlərdən keçənlər artıq müsahibəyə dəvət olunurlar və sonda müsbət rəylər almış namizədlər təcrübə müddətinə dəvət olunurlar. Bu müddətdə biz onlara bank və iş haqqında geniş məlumat veririk, treninqlər keçiririk. Sonda namizədlər test imtahanından keçirlər və müvafiq bal toplamış namizədlər işə qəbul olunurlar. Biz işə qəbul prosesində tam şəffaflığı qoruyuruq və buna görə də, gördüyünüz kimi, seçim prosesi çox da sadə deyil.

Bizə müraciət edən bir çox tələbələr bildirir ki, bir çox vakansiyalara CV göndərsələr də, imtahanlara çağırılmırlar. Ola bilər ki, CV-lərin heç də hamısına baxılmır? Ya CV-lərin ilkin mərhələdən keçə bilməsi üçün əsas meyar hansıdır?

Əgər Bank of Baku nəzərdə tutulursa deyə bilərəm ki, biz bütün daxil olan CV-ləri qiymətləndiririk. Sadəcə göndərilmiş CV-lərin formaları eyni deyil. Hər namizəd bir formada göndərir və bəzən namizədi qiymətləndirmək üçün məlumat qıtlığı olur. Namizədlərə tövsiyyə edirəm ki, Bank of Bakunun rəsmi saytında yerləşdirilmiş CV formasından istifadə etsinlər.

CV-də məlumatları doğru, dolğun göstərmək lazımdır və ən əsası – Azərbaycan dilində doldurulmalıdır. Bir çox namizəd hesab edir ki, CV rus və ya ingilis dilində təqdim ediləndə bu daha effektli görsənir. Bu belə deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, sizin CV-nizə baxan şəxs xarici dili mükəmməl bilməyə bilər və bu səbəbdən sizin CV-niz baxılmamış qala bilər.

Hansı vakansiyalara müraciət edən şəxslər mütləq İQ imtahandan keçməlidir, bu bankdakı bütün pozisiyalara şamil edilir?

Bizim İQ testlərimiz çox sadədir, lakin riyazi məntiqə yönəlikdir. Bir çox vəzifələr üçün bu testlər tətbiq olunur, çünki bankda əsas iş hesablama və təhlil ilə bağlıdır. Müəyyən vəzifələr üzrə keçid ballar fərqlənir. Çox az sayda vəzifələr var ki, bu testlərdən keçmək tələb olunmur, misal üçün təsərrüfat sahəsindəki vəzifələr üzrə.

Bankda işləmək üçün ali təhsil və ya ali iqtisadi təhsil mütləq tələbdirmi? Bu, hansı vəzifələrdən asılı olaraq dəyişə bilər?

Bank of Baku –da yalnız texniki işçilər üçün ali təhsil tələbi qoyulmur. Qalan hallarda ali təhsil mütləqdir. Əlbətdə, müraciət edənlər fərqli sahələr üzrə təhsil almış olurlar, lakin biz üstünlüyü iqtisadi ixtisaslara veririk. Digər məqamı qeyd etməliyəm ki, misal üçün Bankda Hüquq sahəsində işləmək üçün mütləq hüquq üzrə ali təhsil tələb olunur. Yəni, bu kimi spesifik vakansiyalar üçün müvafiq təhsil tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Regionlarda və paytaxtda işə qəbul prosessinin fərqli tərəfləri varmı? Ola bilsin ki, regionda tələblər nisbətən daha yumşaqdır?

Xeyr, tələblər eynidir. Biz fərq qoymuruq, çünki regional filialların qarşısında Bakı fililalların qarşısına qoyulmuş eyni hədəflər qoyulur və regional əməkdaşlar Bakı əməkdaşlarından heç də zəif deyillər.

Bəs xarici dil tələbi necə, hansı vakansiyalarda  xarici dil (rus və ya ingilis) mütləq hesab ediıir, nəyə görə rus dilini bilənlərə üstünlük verilir?

Bilrisiniz, xarici dil bilikləri barədə soruşmaq bir ənənəyə çevrilib, lakin inandırım sizi – bankda bir çox vəzifələrdə xarici dil heç istifadə olunmur. İngilis dili əsasən beynəlxalq hesablaşmalarla məşqul olan, xarici şirkətlərə və əcnəbi vətəndaşlara xidmət göstərən, beynəlxalq səviyyədə partnyorlarla əlaqədə olan sahələrə tələb olunur. Xarici dil bilikləri insanın ilk növbədə özünə lazımdır. İnkişaf etmək üçün mütləq şəkildə qabaqcıl mətbəəni oxumaq, təcrübəni mənimsəmək lazımdır, bu isə əsasən ingilis dilində baş verir.

Mən əks problem haqqında demək istərdim – bir çox namizəd öz ana dilini normal səviyyədə bilmir, işgüzar ünsiyyətdə və yazışmalarda çətinlik çəkirlər. Şəxsən mənim mövqeyim çox prinsipialdır – neçə xarici dil bilməsindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşı dövlətimizin rəsmi dili olan Azərbaycan dilini yaxşı səviyyədə bilməlidir və sərbəst ünsiyyət qurmalıdır.

Gənclərin, xüsusi ilə yeni məzunların əsas problemləri təcrübə ilə bağlıdır. Bəs, Bank of Baku-da işə qəbul prosesində təcrübə nə dərəcədə əhəmiyyət kəsb edir?

Əgər biz tələbələrdən danışırıqsa, təcrübə heç bir əhəmiyyət kəsb etmir. Yəni əlbətdə ki, əgər namizəd hansısa təcrübəyə malikdirsə bu bir üstünlükdür, lakin bizim tərəfimizdən işə qəbul zamanı belə tələb qoyulmur. Bankın daxilində Treninq Mərkəzi mövcüddür və biz demək olar ki istənilən təcrübəsiz şəxsə bank işini öyrədə bilərik. Əlbətdə, idarəedici vəzifələrə yalnız təcrübəli şəxslər götürülür, lakin biz öz əməkdaşlarımızı inkişaf etdirərək idarəedici vəzifələrə təyin etməyi prinsip olaraq qəbul etmişik və nadir hallarda işə qəbul qıraqdan edirik. Əməkdaşların inkişafı üçün ölkədaxili və xarici treninq və seminarlar, ixtisas artırma kursları təşkil olunur. Yenə də qeyd edim ki, bu idarəedici vəzifələrə aiddir (bölmə rəhbəri, şöbə müdürü və daha yuxarı).

Gəlin nəzəri olaraq təsəvvür edək ki, işçinin yaxşı CV-si var və o, İQ imtahandan da uğurla keçib, bəs sonrakı mərhələlər hansılardır, yəni o nə zaman müsahibəyə çağrılır və ümumiyyətlə neçə müsahibədən keçməlidir? Onun ştatlı işçi olması üçün nə qədər müddət tələb edilir?

Namizəd mütləq 1 müsahibədən keçməlidir. Müsahibəni peşəkar işəqəbul ekspertləri aparır və namizəd barədə yazılı rəy verirlər. Vakansiyaya uyğun görüldükdə, sənədlər sahə rəhbərinə təqdim olunur və o da razılığını bildirdikdə, namizəd təcrübəyə cəlb olunur. Lakin bəzi strateji vakansiyalar üzrə müsahibə 2-3 dəfə və daha yüksək vəzifəli şəxslərlə aparıla bilər. Ümumilikdə bütün bu proses, təcrübə daxil olmaqla, ortalama 2 ay çəkir.

Müsahibələrdə yəqin ki,  HR departamentinin nümayəndəsi ilə yanaşı həm də  vakansiyanın aid olduğu departementdən də mütəxəssislər də iştirak edir, elədir?

Son zamanlara qədər eləydi, lakin Bankda bu yaxınlarda qəbul olunmuş təlimata əsasən ilk müsahibə yalnız İnsan resursları Departamentinin əmkdaşları tərəfindən aparılır. Burada qeyd etmək lazımdır ki, namizədlərin sayı çox olduğundan vakansyanın aid olduğu sahələrin əməkdaşları öz birbaşa işlərinin icrasını dayandırıb müsahibələrə zaman ayırmalıdırlar. Biz proseslərin effektivliyini artırmaq məqsədi ilə müəyyən dəyişikliklər etdik. Hər sahə vakansiya yaradanda bizim qarşımızda namizədə qarşı tələbləri dəqiq müəyyən edir və biz o tələblərə maksimum uyğun olanları seçirik.

Hansı vakansiyalara kadr seçərkən çətinlik daha çox olur, yəni mütəxəssislər çatışmır?

Əsas kadr qıtlığı Maliyyə sahəsində hiss olunur, burada yüksək baza bilikləri namizədlərə ehtiyac var. Son zamanlar ali məktəblərdə Maliyyə üzrə qabaqcıl bilikləri tədris edirlər və bu sahədə də müəyyən irəliləyiş vardır.

Işçilərin motivasiyası, komanda quruculuğu, korporativ idarəetmə baxımından hansı tətdbirlər həyata keçirilir?

Bu haqqda çox danışmaq olar. Bəzən mənə deyirlər ki, Bank of Baku-dan çox belə tədbirlər keçirən bank yoxdur. Mən çox şadam ki bizim rəhbərlik və səhmdarlarımız bu tədbirlərin vacibliyini anlayır və dəstəkləyirlər. Motivasiya üzrə qeyd edim ki, bankda müəyyən maddi və qeyri maddi motivasiya sistemləri mövcüddür, hər il komanda quruculuğu üçün müəyyən vəsait ayrılır, bankdaxili Breyn-Rinq, Futzal, Nərd-Şahmat, Boulinq üzrə yarışlarımız keçirilir, uzun illər bankda çalışmış əməkdaşlar diplomlar və nişanlarla təltif olunurlar. Bundan başqa, əməkdaşlar Bankın korporativ sosial məsuliyyət çərçivəsində keçirdiyi tədbirlərdə böyük həvəslə iştirak edirlər. Biz hər zaman kollektivdə isti ab-hava yaratmağa çalışmışıq. İstənilən işçi öz problemi ilə sərbəst olaraq rəhbərliyə müraciət edir və əmindir ki onun müraciətinə dərhal baxılacaq və dəstəklənməsi üçün bütün imkanlardan istifadə olunacaqdır. 2014-cü ildə daxili sorğunun nəticələrinə əsasən əməkdaşları məhz belə səmimi yanaşma ən çox motivasiya edən amil olmuşdur.

Sonda gələcəyini, bank sahəsində görənlərə hansı tövsiyələriniz vardır?

İlk növbədə Bank nədir? Necə çalışır? Daxili münasibətlər necə qurulur? Korporativ struktur və tabeçilik hansı formadadır? Namizəd hansı vəzifədə çalışmaq istəyir və əsas vəzifə təlimatları nədir? Bütün bu suallara cavab taparaq düşünmək lazımdır – mən bankda çalışmaq, bütün ömrümü bank sferasına bağlamaq istəyirəmmi? Əgər buna ürəkdən inansanız, bu işi sevsəniz Bank of Baku da işləyə biləcəksiniz.

Təşəkkürlər!