“100 minlik evin qiyməti 80 minə düşüb”.
Bakıda mənzillərin qiymətində dəyişiklik var.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bu gün daşınmaz əmlak bazarında böyük durğunluq yaşanır. Qiymətlərin xeyli aşağı düşməsinə baxmayaraq, alıcılar da gözə çarpmır.
Ev alqı-satqısı ilə məşğul olan şirkətin nümayəndəsi Kənan Dadaşov da mənzillərin qiymətindəki enmənin bu ilin əvvəlindən hiss etməyə başlanıldığını bildirdi. Nisbətən ucuzlaşma son ay özünü daha çox göstərib:
“Keçən il 100 minlik evi normal qiymətə sata bilirdik. İndi isə 100 minlik evi qiyməti 80 minə düşüb. Buna baxmayaraq alıcı almır. Hazırda həm köhnə, həm də yeni tikililərdə durğunluqdur”.
Belə ucuzlaşma evlərin alqı-satqısı ilə məşğul olan şirkətlərin gəlirlərində də hiss olunmağa başlayıb. Bu sahəni araşdıran mütəxəssis Nüsrət İbrahimov isə mənzil bazarında qiymətlərin enməsinin xarici və daxili səbəbləri olduğunu bildirdi.
Onun fikrincə, qonşu dövlətlərdə mənzillərin ucuzlaşması, eləcə də neftin qiymətinin aşağı enməsi, burada xarici amil olaraq özünü göstərir. Daxili faktırlar isə əsasən psixoloji faktırlardır:
“Real alıcıların böyük bir hissəsi bazarı tərk ediblər. Səbəb isə əllərindəki pulu qoruyub saxlamaqdır. Hər zaman bazarda canlama yaradan və qiymətləri artıranlar daha çox investorlar idi. Artıq onlar da bazarı tərk ediblər. Məhz onlar da əllərindəki vəsaiti bazara yatırmaqdan ehtiyat edirlər”.
Bundan başqa kredit təşkilatları da daşınmaz əmlak bazarında öz fəaliyyətlərini məhdudlaşdırıblar. Onlar da bu sahəyə pul ayırmağın risk olduğundan ehtiyatlanırlar. Təbii ki, bütün bunlar da mənzillərin qiymətində özünü qabarıq şəkildə biruzə verir, bunu da Nüsrət İbrahimov bildirdi.
Mütəxəssisin fikrincə, ipoteka fonduna verilən geniş səlahiyyətlər və maliyyə imkanları isə əmlak bazarına bir stabillik gətirə bilər. Düzdü bu fondun bazarda elə də böyük payı yoxdu, amma onun bu sahəyə təsir gücü böyükdür.