Azərbaycanın iqtisadi nailiyyətləri Yaponiyada nümayiş olunub | Banco.az

Azərbaycanın iqtisadi nailiyyətləri Yaponiyada nümayiş olunub

Banco.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Yaponiyanın Fukuoka şəhərində “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar təşkil edilib.

“World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida seminarda çıxış edərək bildirib ki, bu tədbirin təşkilində məqsəd iştirakçıları regionun dinamik inkişaf edən ölkəsi olan Azərbaycan haqqında ətraflı məlumatlandırmaqdır. Cari ilin sentyabrında Azərbaycana təşkil ediləcək növbəti səfər barədə məlumat verən K.İşida ölkəmizin son illərdə qazandığı mühüm uğurlardan danışıb.

Seminarda Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəət bacarıqla ölkənin tərəqqisinə yönəldilir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin sonlarında Tokioda nəşr olunan “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabı barədə iştirakçılara məlumat verən iqtisadçı ekspert ölkəmizdə icra edilən nəhəng layihələrdən söz açıb. O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm layihələrin həyata keçirildiyini vurğulayaraq ölkəmizdə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.

Seminarda, həmçinin Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.