Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib.
"Report" xəbər verir ki, bu qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.
Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla müəyyən olunacaq.
Bundan başqa, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər. Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.
Yeni qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarından birinin tək formada aparılmasına yol verilə bilməz.