Borc məbləğini əhatə edən materiallar araşdırma məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib
Banco.az "APA"ya istinadən xəbər verir ki, bu ilin I yarısında Azərbaycanda ümumilikdə 117 271 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 9,4% təşkil edib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 33 343 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 63,6%-i borclar ləğv edildiyi üçün bağlanılıb.
Siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 582,6 min manat borc məbləğini əhatə edən 508 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 29,1 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 700 min manat borc dövlət büdcəsinə ödətdirilib, 62 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində 76 fiziki şəxs üzrə 115,5 min manat məbləğində borc ləğv edilib. Vergi orqanları tərəfindən 894 borclu fiziki şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.
Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 886 vergi ödəyicisi üzrə 39,9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
.