Facebook sosial şəbəkəsinin istifadəçi sayı ölkədə “doyumluluq” həddinə çatıb. Belə ki, artıq bir ildən çoxdur ki, ölkədəki istifadəçi sayı 1.7-1.75 milyon ətrafında dəyişir. Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlartəşkil edir.
Yaş tərkibinə görə istifadəçilərin 660 mini 13-25 yaşlarında, 570 mini 26-35 yaşlarında, 279 mini 36-45 yaşlarında, 126 mini 46-55 yaşlarında, 93 mini isə 55 yaşdan yuxarı olan istifadəçilərdir. Son illərdə davam edən yuxarı yaş qruplarındakı artım hazırda da davam etməkdədir. İstifadəçilərin təxminən yarım milyonu 35 yaşdan yuxarı insanlardır.
İstifadəçilərimiz Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.
Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir.
Aşağıdakı infoqrafikada siz iPhone modelləri üzrə (iPhone 6, 6 Plus, 6S, 6S Plus, 7, 7 Plus) istifadəçilərin sayını görə bilərsiniz. Maraqlı məqam odur ki, iPhone’un ölçüsü daha kiçik olan 6, 6S və 7 modellərini kişi istifadəçilər daha çox istifadə edirsə, böyük ekran ölçülü 6 Plus, 6S Plus və 7 Plus modellərini daha çox qadınlar istifadə edir.
Bu infoqrafikada isə Samsung Galaxy modelləri üzrə (Galaxy S6, S7, S7 Edge, S8) istifadəçi sayını görə bilərsiniz.
Facebookda istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib.
Qeyd edək ki, məlumatlar Facebook’un verdiyi göstəricilərə əsasən hazırlanıb və real göstəricilərlə üst-üstə düşməyə bilər. Məlumatdan istifadə edərkən Orkhanrza.com-a aktiv istinad vermək mütləqdir.