Azərbaycanda bəzi tikinti şirkətləri iflasa uğrayacaq? | Banco.az

Azərbaycanda bəzi tikinti şirkətləri iflasa uğrayacaq?

Vüqar Bayramov: "Yeni mənzillərin satışında da ciddi problemlər yaranacaq".

Mərkəzi Bank avtomobil kreditlərindən sonra mənzil kreditlərində də məhdudlaşdırıcı addımlar atmağa başlayıb.

Belə ki, artıq MB tərəfindən banklara mənzil kreditləri ilə bağlı qeyri-rəsmi şəkildə tövsiyyələr olunub. Tikinti sahəsində fəaliyyət göstərən şirkətlər də kredit qadağasının olduğunu və sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildirirlər.

İqtisadçı ekspert Vüqar Bayramov anspress-ə açıqlamasında mənzil kreditlərindəki dəyişikliklərin tikinti bazarına mənfi təsir edəcəyini deyib. Mütəxəssis hesab edir ki, bu tendensiya davam edərsə, tikinti şirkətlərinin iflası qaçılmazdır:

"Əvvəllər tikinti şirkətləri kommersiya bankından kredit götürürdü. Banklardan götürdükləri vəsait hesabına alıcılara mənzil təklif olunurdu. Artıq bu mexanizm dəyişib. Tikinti şirkətlərinin bu imkanı yoxdur və bu səbəbdən də evləri kreditə təklif edə bilmirlər. Bu yeni dəyişikliklər tikinti sahəsində fəaliyyət göstərən şirkətlərə mənfi təsir edəcək. Sözügedən şirkətlərin imkanı olmayacaq ki, inşa etdikləri mənzilləri vətəndaşlara kredit yolu ilə satsınlar. Əgər bu hal bir müddət davam edərsə, bu hal bəzi tikinti şirkətlərinin iflasına gətirib çıxaracaq".

Vüqar Bayramov Mərkəzi Bankın kütləvi kreditləşməni məhdudlaşdırılması ilə bağlı banklara tövsiyyələr etdiyini deyir:

"Bir mənalı şəkildə bu dəyişikliklər bazara təsir göstərəcək. Belə ki, kreditlə ev almaq istəyən vətəndaşların imkanları olmayacaq. Eyni zamanda yeni mənzillərin satışında da ciddi problemlər yaranacaq. Tələbatın azalacağı gözlənsə də, həmişəki haldan fərqli olaraq bu dəfə mənzillərin qiymətində azalma müşahidə olunmayacaq. Əksinə yeni tikilələrə bazarda tələbatın çox olması qiymətlərin artımına gətirib çıxaracaq. Hesab edirəm ki, xüsusi ilə daha bahalı mənzillərin satışında problemlər yaranacaq".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə - Milli.az