Azərbaycanın qiymətli kağızlar bazarında hesablaşma qaydaları bir qədər yumşaldılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatına görə, iyulun 1-dən etibarən komitənin dəstəyi ilə Milli Depozit Mərkəzində (MDM) qiymətli kağızlar ilə mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə hesablaşmaların yeni üslubda aparılmasına start verilib.
Yeni hesablaşma üsulu korporativ qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə qiymətli kağızların ticarətdən əvvəl bloklaşdırmaqla, qiymətli kağızların və pul vəsaitlərinin T+1 (əlavə bir iş günü) zamanında təchiz edilməsi şərtilə hesablaşmaların aparılması nəzərdə tutulur.
Milli Depozit Mərkəzinin Hüquq departamentinin baş mütəxəssisi Səbinə Xəlilova izah edib ki, indiyədək səhm almaq istəyən şəxslər tələb olunan vəsaiti MDM-nin hesabına ən geci alqı-satqı günü keçirməli idilər. Yeni qaydaların tətbiqindən sonra isə səhm alıcılarına, yəni investorlara pulu köçürmək üçün daha bir gün vaxt veriləcək. Yənii investorlar alqı-satqı əqdinin pulunu 1 gün sonra, saat 16:15-ə qədər ödəyə biləcəklər.
Komitədən bildirilib ki, bu yenilik “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq, ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə tətbiq edilir. Yeni qaydalar fond bazarında hesablaşmaların təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına, bazarda əqdlərin həcminin artmasına, bazara yeni xarici və yerli investorların cəlb olunmasına şərait yaratmalıdır.
Mənbə: fins.az