​Azərbaycan fond bazarının inkişafına diqqəti artırır | Banco.az

​Azərbaycan fond bazarının inkişafına diqqəti artırır

Azərbaycanda 2016-2019-cu illər ərzində qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədi ilə iri dövlət müəssisə və şirkətlər tərəfindən fond bazarı vasitəsilə sərmayənin cəlb edilməsi və bu qiymətli kağızlarla ticarətin təmin edilməsi nəzərdə tutulur.

Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə parlamentə təqdim olunan Azərbaycanın 2016-2019-cu illər üçün sosial-iqtisadi inkişaf Konsepsiyasının layihəsində məlumat verilir.

İiri dövlət müəssisələrinin qiymətli kağızları Azərbaycan fond bazarını canlandırmasa da, səhmləri yerli və xarici investorlarda bazara marağı artıra bilər. Bunun üçün fond birjasının səhmdarı olan BİST-in (İstanbul Fond Birjası) təcrübəsindən istifadə etmək mümkündür. Qeyd edək ki, BİST Avropanın texniki cəhətdən ən yaxşı təchiz edilmiş ikinci fond birjası hesab olunur.

"Fond birjası şirkətlərin səhm emissiyası zamanı risksiz maliyyələşmə cəlb etməsinə imkan yaradır. Kapital bazarı sərbəst iqtisadiyyatların bünövrəsini təşkil edir, fond bazarının inkişaf etdirilməsi iqtisadiyyatın canlanmasına, xarici kapitalın cəlb edilməsinə imkan yaradır, şəffaflığın artmasına səbəb olur. Bununla yanaşı, birjanın inkişafı əhalinin istifadəsiz qalan yığım ehtiyatları üçün alternativ investisiya mühiti yaradır. Bu səbəbdən, kapital bazarının inkişaf etdirilməsi üçün dövlət səviyyəsində, KİV-də xüsusi iş aparılmalıdır", - deyə analitiklər qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, "Report"un ekspertləri hesab edirlər ki, əcnəbi investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında xarici ölkələrlə yeni sazişlərin imzalanması müsbət hal sayıla bilər: "Layihəsi hazırlanan Konsepsiyada xarici investisiyaların təşviqi sahəsində stimullaşdırıcı tədbirlərin miqyası və çeşidinin genişləndirilməsi nəzərdə tutulub. Bura, vergi və gömrük güzəştlərinin tətbiqi aiddir. Bu baxımdan, əsasən az inkişaf etmiş sahələrə və ya yeni texnologiyalar tələb edən sahələrin təşviqi xüsusilə artırılmalıdır".