Avtonəqliyyat vasitələrinin təmir-bərpa qiymətinin hesablanması üzrə proqram təminatının işlənib hazırlanması sahəsində dünya lideri hesab olunan "Audotex" şirkəti Azərbaycan bazarını öyrənməyə başlayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramovun sözlərinə görə, bazarın öyrənilməsi irihəcmli, çox vaxt və diqqət tələb edən bir məsələ olduğundan, şirkət yalnız 2015-ci ilin sonuna qədər milli bazarda fəaliyyətə başlaya biləcək.
İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib ki, növbəti 3 ay ərzində Azərbaycanda şirkətin nümayəndəliyi fəaliyyətə başlayacaq və bu müəssisə 3 il ərzində büronun informasiya sistemində qeydiyyata alınmış 900 min avtomobil üzrə məlumatların toplanmasını və cari qiymətlərin təhlilini həyata keçirəcək. "Audotex" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması nəinki sığortaçılar və sığorta olunanlar arasında ziyann məbləği ilə bağlı yaranan mübahisələrə son qoyacaq, eyni zamanda daxilolmaların artmasına da təsir göstərəcək.
Sevinc İbadova/Banco.az