Avtokreditlərə qoyulan məhdudiyyətə əsas səbəb kimi problemli kreditlərin çoxluğu və ölkəyə avtomobil axınının qarşısını almaq göstərilir
Mərkəzi Bank kredit bazarında baş verənlərə nəhayət konkret qərarla reaksiya verdi. Bir neçə gün öncə baş bankın qərarı ilə ölkədə fəaliyyət göstərən banklara arayışsız kredit vermək qadağan edildi. Bundan başqa, banklar avtomobil kreditləri verməyi də dayandırdılar. Bildirilir ki, buna səbəb problemli kreditlərin həcminin artmasıdır. Məlumat üçün qeyd edək ki, açıqlanan rəqəmlərdə problemli kreditlərin həcminin 800 milyon manata yaxın olduğu bildirilir. Bu, son günlər mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan ən aktual mövzulardan biridir. Bir sıra ekspertlər hesab edirlər ki, belə bir qərar lazım idi. Bu cür düşünənlərin fikrincə, problemli kreditlərin artması, üstəlik, yaranmış hər bir çətin durumda banklara üz tutan və sonradan çıxılmaz vəziyyətə düşən insanların durumu MB-ni sərt qərar verməyə çoxdan məcbur etməli idi. Məhz asan kredit şərtləri hesabına ölkəyə avtomobil idxalı görünməmiş həddə yüksəlib. Ötən illə bu ilki idxal arasında təxminən 2 dəfəyədək fərq yaranıb. Bəs məlum qərar vəziyyəti nə qədər dəyişəcək?
Əli Məsimli: “İstehlak kreditləri dayandırılmayıb, şərtlər sərtləşdirilib”
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli məsələyə münasibət bildirərkən qeyd edib ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklara bundan sonra müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verməməsi, eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulmasına yönəldilən göstərişi ilə bağlı son günlər çoxsaylı müraciətlər alır: “Bir sıra ekspertlər bunu Mərkəzi Bankın kommersiya bankları üçün istehlak kreditləşməsi bazarına “qırmızı işıq” yandırması kimi, ictimaiyyət nümayəndələri isə bankların kredit verməsini tamamilə dayandırması kimi dəyərləndirirlər.
Burada söhbət istehlak kreditlərinin tamamilə dayandırılmasından yox, kreditlərin verilmə şərtlərində dəyişikliklərdən gedə bilər. Mərkəzi Bank tərəfindən avtomobillər üçün kreditlərin verilməsinin qadağan edildiyi barədə informasiyaya münasibətdə də təqribən eyni şeyləri demək olar. Ona görə ki, istehlak kreditlərinin verilməsi Mərkəzi Bankın qərarları ilə yox, qanunla təsbit olunmuş məsələ olduğundan, burada mütləq mənada tam qadağadan söhbət gedə bilməz. Amma Mərkəzi Bank istehlak kreditlərinin verilmə qaydalarında dəyişiklik barədə göstəriş verə bilər və bu da həmin qəbildən olan kreditlərin verilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Həmin göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verməyəcək. Bundan başqa, avtomobillərin kreditlə satışına da müəyyən məhdudiyyətlər qoyulur. Bu qərar göstərir ki, ümumiyyətlə, istehlak kreditlərinin, xüsusən də avtokreditlərin vaxtında qaytarılması ilə bağlı problemlər getdikcə kəskinləşir. Bu baxımdan həmin göstəriş son illər çox sürətlə artan kredit borclarının qarşısını almağa, yollardakı tıxac probleminin yumşaldılmasına və yaxın illərdə bu sahələrdə gözlənilən ciddi fəsadlara imkan yaratmamağa yönəlib”.
Deputatın fikrincə, belə bir qərarın işə düşməsi hamı üçün yox, banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı olanlar üçün “qırmızı” işıq yandırıb, problem yaradacaq: “Bundan əlavə, realda 700-800 manat alıb, həm də almaq istədiyi krediti vaxtlı-vaxtında ödəmək qabiliyyəti olsa da, arayışda 150 manat əməkhaqqı aldığı yazılanlar da kredit götürməkdə problemlə qarşılaşacaqlar. Çünki iş yerindən onlara real maaşını əks etdirən arayış verməyəcəklər”.
Ə.Məsimli qeyd edir ki, Mərkəzi Bankın sözügedən göstərişi ictimaiyyətin diqqətini yenidən bank sektoruna yönəldib. Ekspert hesab edir ki, istehlak kreditləri ilə bağlı atılan addım, yaranmış vəziyyətin diktəsinin məntiqindən doğsa da, bank sistemindəki zəruri problemlərin həlli üçün yetərli deyil: “Bu sahədə yaranmış vəziyyəti təkcə əlinə 3 min manat düşən kimi kreditlə maşın alanın üstünə atmaq olmaz. Təbii ki, bunun qarşısı alınmalıdır. Digər məlum səbəblərlə yanaşı, həm də ona görə ki, bəzi banklar faiz dərəcələrini qaldırmaq və sair üsullarla krediti vaxtında ödəməyənin yükünü də krediti səliqə ilə vaxtında ödəyənin çiyninə qoyur. Bununla yanaşı, həm də bütövlükdə Azərbaycanda yeridilən bahalı kredit siyasətinin çatışmazlıqlarını da aradan qaldırmaq lazımdır. Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir və nəticədə çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb maşınını, torpaq sahəsini, zinət əşyalarını, mənzilini, bütövlükdə evini, firmasını, digər obyektlərini itirənlərin sayının sürətlə artmasına gətirib çıxarır”.
Samir Əliyev: “Burada başqa səbəblər də mövcuddur”
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, müşahidələr avtomobil kreditlərinin verilməsinə qoyulan qadağanın yaxın zamanlarda götürülməsini vəd etmir: “Mərkəzi Bank bununla bağlı banklara sadəcə şifahi göstəriş verdiyindən qərarın səbəbini də açıqlamağa lüzum görmür. Banklara birdən-birə 2 zərbə dəyib. Bir tərəfdən istehlak kreditlərinin şərtlərinin sərtləşdirilməsi, digər tərəfdən avtokreditlərin verilməsinə qadağanın qoyulması. Banklar ikincinin səbəbini tam izah edə bilmirlər. Mətbuatda isə qadağa ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi problemli kreditlərin çoxluğu və tıxac problemi yaradan avtomobil axınının qarşısını almaq göstərilir. Əgər avtokreditlərə görə problemli kreditlərin həcmi artırsa, bu problemi kredit şərtlərini sərtləşdirməklə həll etmək olar. Bunun üçün kreditə qadağa tətbiq etmək yersizdir. Üstəgəl, avtomobil kreditləri təminatlı hesab olunur və krediti ödənilməyən avtomobili satmaqla qaytarılmayan hissəni bərpa etmək olar. Tıxacların qarşısını almaq üçün maşın alışını məhdudlaşdırmaq da çıxış yolu deyil. Tıxacların əsas səbəbləri başqadır: düzgün parklanmanın olmamasından tutmuş şəhərin güclü miqrasiya axınına məruz qalması kimi məsələlər. Hər bir halda göstərilən iki səbəbin Mərkəzi Bankı bu qadağaya vadar etməsi inandırıcı görünmür. Deməli, burda başqa səbəblər mövcuddur”.
Ekspertin fikrincə, səbəbindən asılı olmayaraq bu qadağanın uzun müddət davam etməsi ölkənin bank sisteminə mənfi təsir göstərə bilər: “Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətinin müflisləşmə ehtimalı yüksəkdir. Bankların kredit portfelində istehlak kreditlərinin payı 40%-ə çatıb. Avtokreditlər portfeldə əhəmiyyətli paya malikdir. Heç kimə sirr deyil ki, bir sıra bankların kredit portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Müflisləşmə ilk növbədə, həmin bankları haqlayacaq. Kredit portfelini düzgün diversifikasiya etmiş banklar isə bu situasiyadan nisbətən az zərərlə çıxacaqlar”.
S.Əliyev qeyd edir ki, bu qərar sığorta bazarına da mənfi təsir göstərəcək. Sığorta şirkətləri, xüsusilə kasko sığortası üzrə ixtisaslaşan şirkətlər zərərə düşəcəklər: “2013-cü ildə ölkə üzrə avtonəqliyyat vasitələrinin sığortasından təxminən 57 milyon manata yaxın sığorta haqqı yığılıb. Bu vəsaitin böyük hissəsi məhz kreditlə alınan avtomobillərin sığortalanmasından yığılan vəsaitlərdir. Avtokreditlərin dayandırılması nəticəsində sığorta bazarı həcmini 10% itirə bilər”.
Amma bir sıra mütəxəssislər hesab edirlər ki, sığorta şirkətləri kreditdə olan avtomobillərin sığortası hesabına arxayınlaşıblar. Bunu açıqlanan rəqəmlər də göstərir. Belə ki, orta hesabla, sığortalanan avtomobillərin 70%-dən çoxu kreditlə alınanlardır. Bəzi şirkətlərdə isə kasko sığortanın 90%-ə qədər hissəsi kreditlə alınan avtomobillərin payına düşür. Elə “Rəvan Sığorta” şirkətinin idarə heyətinin üzvü Samir Məmmədov da fins.az-a açıqlamasında bu məsələyə toxunub. O deyib ki, şirkətdə əsas fəaliyyət sahəsi kasko olduğuna görə yaranmış vəziyyət onlara da təsir edəcək. Amma onun sözlərinə görə, bu vəziyyət uzun çəkməyəcək. S.Məmmədov bildirib ki, hazırda avtomobillərin kasko sığortasının böyük hissəsi kreditdə olan avtomobillərin payına düşür: “Amma biz bu halın müvəqqəti olacağını hesab edirik. Yəqin ki, banklar bu vəziyyəti 1 həftə - 10 gün ərzində aradan qaldıracaqlar. Bundan sonra sığorta şirkətlərinə müraciətlər də artacaq. Düşünmürəm ki bundan artıq çəkəcək”. S.Məmmədovun sözlərinə görə, hələlik bu vəziyyətin sığorta şirkətlərinin fəaliyyətinə təsirindən danışmaq tezdir: “Problem o vaxt yarana bilər ki, avtomobil kreditlərinin dayanması prosesi 1-2 il çəksin. Amma biz bunun 1 aydan artıq davam edəcəyinə inanmırıq”. Bu proses uzun müddət davam etdiyi təqdirdə isə portfelin diversifikasiyası baş verməlidir: “Yəni başqa sığorta növlərinə marağı artırmalıyıq”.
kaspi.az