Azərbaycan Sığortaçılar Assosiasiyası qardaş ölkənin sığorta sektoru üzrə requlyatoru olan Türkiyə Sığorta Birliyi ilə rəsmi əməkdaşlığa başlayıb.
ASA-dan verilən məlumata görə, bununla əlaqədar yaxın günlərdə iki qurum arasında memorandum imzalanıb.
Memoranduma əsasən, iki qurum, ikitərəfli münasibətlərin təşkili, iki ölkə arasında sığorta sahəsində kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi, Azərbaycanın sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılmasında Türkiyə təcrübəsindən istifadə və Türkiyənin təkrarsığorta təcrübəsinin Azərbaycanda tətbiqi üçün addımların atılması istiqamətində razılığa gəlib.
İkitərəfli əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində həyata keçiriləcək layihələrdən biri də post-pandemiya dövründə türk dünyası ölkələrinin birgə sığorta forumunun məhz bu iki qurumun təşəbbüskarlığı və təşkilatçılığı ilə həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, Türkiyə Sığorta Birliyi 1900-cü ildən, yəni 120 ildir ki, fəaliyyət göstərir və Türkiyənin sığorta sektoru üzrə requlyatorudur. Quruma, Türkiyədə fəaliyyət göstərən 39-u qeyri-həyat, 21-i həyat, 3-ü təkrarsığorta olmaqla 63 sığorta şirkəti üzvdür.
Bizi sosial şəbəkələrdən izləyin!!