Azərbaycanın mobil rabitə operatorları gələcəkdə ödəniş təşkilatları qismində işləyə biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. AMB-nin nümayəndəsi bildirib ki, ölkədə nağdsız ödənişlərin inkişafı məsələsi bu istiqamətdə müxtəlif layihələr həyata keçirən Mərkəzi Bankın diqqət mərkəzindədir: "Avropa Parlamenti və Aİ-nin bu xidmətlər və elektron pullar sahəsində müvafiq direktivləri, həmçinin inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri nəzərə alınmaqla işlənilən "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin hazırlanması növbəti belə addım oldu".
Nümayəndənin sözlərinə görə, sənəd, eyni zamanda, mobil rabitə operatorlarına ödəniş xidmətlərini göstərmək imkanını nəzərdə tutur: "Operatorlar digər ödəniş təşkilatları ilə bərabər səviyyədə belə xidmətlər göstərə biləcəklər. Lakin Mərkəzi Bankdan müvafiq lisenziya almaq şərtdir.
AMB-dən qeyd ediblər ki, bu qanunun qəbul edilməsi ödəniş xidmətləri bazarına yeni oyunçuları cəlb edəcək: "Mobil operatorların bu bazara çıxması ödəniş xidmətləri tədarükçüləri arasında rəqabəti artıracaq, həmçinin kiçik tranzaksiyaları bu ödəniş formasına cəlb etmək yolu ilə nağdsız ödənişlərin tətbiqi sahəsini genişləndirməyə imkan verəcək".
"Azercell"dən bildiriblər ki, hazırda şirkət "MTS-Bank" kimi bənzər layihənin tətbiqini planlaşdırmır: "Gələcəkdə mövcud konsepsiya nəzərdən keçirilə bilər"
Mənbə: Lent.az