Amerikalı mikromaliyyəçilər cəzalandırılıb | Banco.az

Amerikalı mikromaliyyəçilər cəzalandırılıb

ABŞ tənzimləyiciləri "ACE Express" mikromaliyyə təşkilatı üçün 10 milyon dollar məbləğində cərimə müəyyən ediblər. Maliyyə Xidmətləri İstehlakçılarının Müdafiəsi Bürosu tərəfindən verilmiş məlumatda bildirilir ki, cəriməyə səbəb şirkətin öz müştərilərini əlavə borc öhdəliklərini yerinə yetirməyə məcbur etməsidir. Bundan əlavə, şirkətdən belə bir təcrübənin tətbiqini dərhal dayandırmaq tələb olunub.

Bürodan verilən məlumatda qeyd olunur ki, təşkilat belə bir təcrübənin tətbiqində təzyiq və təhdidlərdən istifadə edib. Belə ki, şirkətin təzyiqi ilə vaxtı keçmiş borclara sahib olan şəxslər əvvəlki borcların ödənilməsi üçün yeni kreditlər götürmək məcburiyyətində qalıblar.

Bundan əlavə, borcların qısa müddət ərzində ödənilmədiyi təqdirdə, mikromaliyyəçilər öz müştərilərini cinayət təqibi ilə hədələməyə başlayıblar. Onlar hətta bununla kifayətlənməyərək, digər təzyiq metodlarından da istifadə etməyə çalışıblar. Belə ki, şirkət əməkdaşları müştərilərin qohumlarına və ya yaxınlarına dəfələrlə zəng edərək onların borc öhdəlikləri barədə məlumat veriblər.

Ən sərfəli kredit üçün müraciət et

"ACE" şirkəti Texas ştatında yerləşir. Şirkət yüksək faiz dərəcələri altında qısamüddətli kreditlərin verilməsi üzrə ixtisaslaşıb. Qurumun bölmələri ABŞ-ın 36 ştatında fəaliyyət göstərir.

Verilən məlumata görə, ABŞ-da təkrarən borc alan şəxslər mikrokreditləşmə zamanı daha çox əziyyət çəkirlər. Qısamüddətli kreditlərin bir qayda olaraq, müddəti uzadılır və ya onlar yenidən 2 həftə ərzində rəsmiləşdirilir.

Sevinc İbadova/Banco.az