AMB sığorta şirkətinin seçimi üzrə tender elan edib | Banco.az

AMB sığorta şirkətinin seçimi üzrə tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) əmlak və nağd pul sığortası, eləcə də nəqliyyat vasitələrinin KASKO sığortası xidmətlərini təklif edən sığorta şirkətinin seçimi üzrə tender elan edib.

Bankın tender elanına görə, tenderdə yalnız sözügedən sığorta xidmətlərinin təqdim edilməsi üzrə lisenziyaya sahib olan sığorta şirkətləri iştirak edə bilər.

Bundan əlavə, tender iştirakçıları son 1 ilin maliyyə vəziyyəti haqqında bank arayışı, 2013-cü il və 2014-cü ilin 1-cü rübü üzrə maliyyə hesabatı təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə ən azı 5 milyon manat həcmində kapitala sahib olan sığorta şirkətləri iştirak edə bilər.

Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif paketi üzrə sığorta şərtləri, franşizanın ölçüsü, təkrarsığorta şirkətlərinin reytinqi.

Ən sərfəli kredit üçün müraciət et

Tender üzrə təkliflər avqust ayının 15-dək qəbul olunacaq. Tender təkliflərinin avqust ayının 18-də qiymətləndiriləcəyi gözlənilir. Tenderdə iştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.

Tenderin şərtlərinə görə, əmlakın və nağd pulun sığortası üzrə AMB-yə göstəriləcək sığorta xidmətləri 2014-cü ilin noyabr ayının 1-dən etibarən tətbiq olunmalı və 12 aylıq bir müddət üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin isə 2015-ci il yanvar ayının 25-dən etibarən istifadəyə veriləcəyi (12 aylıq bir müddət ərzində) gözlənilir.

Verilən məlumata görə, hal-hazırda AMB-yə əmlakın və nağd pulun sığortasını əhatə edən sığorta xidmətlərini Paşa Sığorta şirkəti, avtomobillərin sığortası xidmətini isə Alfa Sığorta şirkəti təqdim edir.

Sevinc İbadova/Banco.az