Müəllif: Tamara Mustafayeva, Banco.az
Qeyd olunub ki, Almaniyada təxminən hər 15 şirkətdən birinin iqtisadi mövcudluğu təhlükə altındadır.
Banco.az xəbər verir ki, Almaniyanın iqtisadi və beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutunun (İfo) Almaniya iş dünyası ilə bağlı noyabr ayı sorğusuna əsasən, ölkədəki şirkətlərin 6,8 faizi iqtisadiyyatdakı zəiflik səbəbindən fəaliyyətlərini təhlükə altında görür.
Sözügedən sorğunun bu ilin yanvar buraxılışında belə şirkətlərin nisbəti 4,8 faiz olaraq açıqlanmışdı. Tikinti sektorunda sözügedən nisbət 5,1 faizdən 8,9 faizə yüksələrək 2020-ci ilin iyun ayından bəri ən yüksək göstəriciyə çatıb. Bu göstərici logistika sektorunda 14 faiz, enerjitutumlu kimya sektorunda isə 13,5 faiz təşkil edib.
Aktivlərini təhlükə altında görən şirkətlərin nisbəti pərakəndə sektorda 10,3 faiz olaraq qeyd edilib.
İqtisadi təhlükə altında olduqlarını bildirən şirkətlərin 35 faizi buna tələb və ya sifarişin olmaması, 27 faizi çətin iqtisadi mühiti, 24 faizi inflyasiyanı, 14 faizi isə mövcud siyasi prosesləri səbəb göstərib.
Xatırladaq ki, hökumət oktyabrın 11-də qlobal iqtisadiyyatdakı durğunluq səbəbindən daha əvvəl bu il üçün 0,4 faiz elan edilən artım proqnozunu mənfi 0,4 faizə qədər aşağı salıb.
Bizi sosial şəbəkələrdən izləyin!!