Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada biznes mühitinin iqtisadiyyata inamı bu ay azalıb.
Banco.az xəbər verir ki, mənzil-qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Almaniya Biznes Sorğusunun dekabr ayı üzrə nəticələrini dərc edib.
Nəticələr göstərir ki, ölkədə ötən ay 87,2 punkt olan Ifo Biznes Mühit İnam İndeksi şirkət rəhbərlərinin cari və gələcək proqnozlarının pisləşməsi səbəbindən dekabr ayında 86,4 punkta geriləyib. Ekspertlər indeksin 87,8 punkta yüksələcəyini gözləyirdilər.
Beləliklə, indeksdə iki ay ardıcıl artımdan sonra yeni il qabağı gözlənilməz eniş baş verib.
Anketdə həmçinin cari vəziyyət və gələcək proqnozlarında da pisləşmə müşahidə olunub.
Xatırladaq ki, Almaniya iqtisadiyyatı alıcılıq qabiliyyətinin zəif olması və yüksək faiz dərəcələri səbəbindən ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb. Almaniya Mərkəzi Bankı (Bundesbank) iqtisadiyyatın 4-cü rübdə də daralacağını gözləyir. Əgər iqtisadiyyat sonuncu rübdə də daralma yaşayarsa, ardıcıl iki rüb ərzində kiçildiyi üçün texniki tənəzzülə girəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!