Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin bir vaxtlar ən böyük şirkəti olan “Alibaba” bu titulunu rəqibi “Pinduoduo”ya (PDD) uduzub.
Banco.az xəbər verir ki, Çinin tənzimləyici qurumları tərəfindən tənqid edilən Cek Manın açıqlamalarından sonra e-ticarət nəhəngi “Alibaba” çətin günlər yaşayır.
2020-ci ilin oktyabr ayından etibarən səhmləri ucuzlaşma tendensiyası yaşayan şirkət daxili bazardakı bazar payının itirilməsini tam dayandıra bilməyib. “Alibaba”nın Çin bazarında liderliyini itirməsi şirkətin daxili və xarici təzyiqlərlə üzləşdiyini göstərir.
PDD-nin sürətli inkişafı və “Alibaba”nı üstələməsi e-ticarət sənayesindəki rəqabətin nə dərəcədə dinamik olduğunu ortaya qoyur. Dekabrın ilk həftəsinə olan məlumatlara görə, PDD-nin dəyəri 186,39 milyard dollara çatdığı halda, “Alibaba”nın dəyəri 183,97 milyard dollar olaraq qalıb.
Gəlin “Pindoudou” şirkətinə yaxından nəzər salaq. Əvvəla, şirkətin adının ingiliscə ekvivalenti "birlikdə, daha çox qənaət, daha çox əyləncə" deməkdir. Şirkət 2015-ci ildə təsis edilib. 2018-ci ilin iyul ayında birjaya çıxmazdan əvvəl təxminən 1,7 milyard dollar maliyyə vəsaiti əldə edib. Əsas səhmdarlarına “Tencent”, “Hillhouse Capital” və “Sequoia Capital China” daxildir.
Şirkət böyük şəhərlərdə deyil, “ikinci səviyyə” adlanan kiçik şəhərlərdə böyüməyi hədəfləmiş və 6 il kimi qısa müddətdə aparıcı e-ticarət platforması olaraq buna nail olmuşdur. Şirkətin həyata keçirdiyi strategiya məhsulu vasitəçilərə və son istehlakçıya daha sərfəli qiymətlərlə təqdim etmək idi. Eyni zamanda istehsalçılara həm daha çox istehsalda, həm də daha səmərəli istehsalda dəstək olmağı və texnologiya sərmayələrini artıraraq lider platformaya çevrilməyi hədəfləyib.
Rəqabət mühiti də PDD-nin yüksəlişinə kömək edib. Belə ki, əsas rəqibləri “JD.com” və “Alibaba” rüblük itkilərlər üzləşiblər. PDD-nin araşdırma və inkişaf səyləri, platforma ekosistemini təkmilləşdirməyə yönəlmiş səyləri onun gözlənildiyindən daha yaxşı fəaliyyət göstərməsinə gətirib çıxarıb. Həddindən artıq aşağı qiymətlər “Pinduoduo”nu rəqiblərindən fərqləndirən başqa bir üstünlük idi.
Bizi sosial şəbəkələrdən izləyin!!