AGBank-dan açıqlama! | Banco.az

AGBank-dan açıqlama!

1992-ci il noyabr ayının 9-dan 13 saylı lisenziya əsasında fəaliyyətə başlayan AGBank ASC (o vaxtı AzəriqazBank ASC adı ilə) 26 il ərzində Azərbaycan bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olmuşdur. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən dalğalanmalar, ölkənin o dövrdə əsas ixrac məhsulu neftin dəyərinin kəskin düşməsi və manatın il ərzində iki dəfə ucuzlaşması bank sektoruna da öz növbəsində mənfi təsirini göstərdi. Bəzi banklar ümumiyyətlə fəaliyyətlərini dayandırdı, digər banklar isə siyasətlərini yenidən gözdən keçirməli oldu. Əhalinin və şirkətlərin gəlirlərinin azalması öz növbəsində problemli kreditlərin kəskin artmasına səbəbiyyət verdi. Bu səbəbdən AGBank ASC problemli kredit portfelin artmaması üçün bir sıra addımlar atır. Daha dərin və riskyönümlü qiymətləndirmə aparılır və bankın müsbət tarixçəli müştərilərinə kredit ayırır.

Bankdan banco.az-a verilən məlumata görə, kreditlərin verilməsi siyasətinin dəyişdirilməsi Bankın mənfi halları aradan qaldırılması üçün atılmış adekvat addımdır. Bu heç də müvafiq bankın fəaliyyət imkanlarının məhdud olduğu anlamı daşımır. Qeyd etmək lazımdır ki, bankların fəaliyyəti yalnız kredit verilməsindən ibarət deyil. Hüquqi və fiziki şəxslərə göstərilən hesablaşma-kassa xidmətləri, ödəniş kartları xidmətləri və bir sıra digər xidmətlər bankın digər fəaliyyət sahələrinə aiddir. AGBank bu sahələr üzrə müştərilərə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

KİV-də işıqlandırılan səhmdarların ümumi yığıncağı “Banklar haqqında qanun”-a əsasən ildə ən az 1 dəfə keçirilməlidir və bu heç də bankın fəaliyyətinin pisləşməsi ilə bağlı deyil. Qeyd edilən iclas ötən fəaliyyət ilinin nəticələrini müzakirə etmək məqsədi ilə hər il keçirilən planlaşdırılmış iclasdır.

Bu cür proseslərin KİV tərəfindən qərəzli başlıq qoyularaq Bankın hüquqlarına və qanuni mənafelərinə hörmət edilməməsi “Azərbaycan Respublikasının KİV haqqında” qanunun 36.6 maddəsini pozur.