"AGBank": Birləşmədən sonra yeni inkişaf mərhələsi başlayacaq | Banco.az

"AGBank": Birləşmədən sonra yeni inkişaf mərhələsi başlayacaq

"AGBank" konsolidasiya ilə bağlı məlumat yayıb.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir: "AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb. Qeyd olunan banklar zəngin tarixə malik olmaqla Azərbaycanın ilk özəl banklarındandırlar. Belə ki, "DəmirBank" 1989-cu ildən, "AGBank" isə 1992-ci ildən fəaliyyət göstərir. Hər iki bankın təsisçiləri arasında nüfuzlu beynəlxalq maliyyə institutları yer alır. Bunların sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s. təşkilatlar daxildir".

Qeyd olunur ki, həm kadr potensialı, həm geniş xidmət şəbəkəsi, həm də təcrübə baxımından hər iki bank bazarda aparıcı banklardandır. Banklar resurslarını birləşdirməklə daha güclü, dayanıqlı olmaqla yanaşı, sinerji nəticəsində mövcud bazar paylarını artıracaqlar. Bununla yeni formalaşacaq maliyyə institutu mövqeyinə görə, beynəlxalq standartlara, trendlərə uyğunluğuna görə bazarın ən güclü oyunçularından biri kimi möhkəmlənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda bildirilir ki, konsolidasiyadan sonra yeni inkişaf mərhələsinə qədəm qoyulacağı gözlənilir. Belə ki, daha böyük xidmət şəbəkəsi ilə yeni məhsul və xidmətlər müştərilərə daha rahat, operativ şəkildə təqdim olunacaq. Eyni zamanda yeni texnologiyaların, innovasiyaların daha geniş miqyasda tətbiqi nəzərdə tutulur ki, bu da biznes proseslərin müasirləşdirilməsi, daha keyfiyyətli müştəri xidmətinin həyata keçirilməsinə öz təsirini göstərəcək".