Əmanətlərin Sığortalanması Fondu (ADIF) elektron auksion portalı yaratmağı planlaşdırır.
Fonddan verilən məlumata görə, əsas hədəfi ləğvedicisi olduğu bankların ləğv prosesini daha effektiv və səmərəli başa çatdırmaq olan ADIF-in funksiyalarından biri də sözügedən bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulan qaydada satışını həyata keçirməkdir.
Məhz bu səbəbdən müasir standartlara uyğun, qabaqcıl təcrübəyə əsaslanan və daha səmərəli şəkildə satışları təmin etmək məqsədilə qlobal təcrübə araşdırılıb. Müəyyən olunub ki, qabaqcıl ölkələr tərəfindən istifadə olunan fərqli strategiyalardan Azərbaycan üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir.
Qeyd edək ki, hərracların keçirilmə formatları fərqlənir və hazırda daha ixtisaslaşmış informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, o cümlədən bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası fonunda elan edilmiş karantin rejiminin tətbiqi elektron ticarətə üstünlük verilməsini zəruri edib.
Zamanın tələbinə uyğun olaraq, ADIF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır.
Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunan qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcək.
Qeyd edək ki, banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunan pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə 29 dekabr 2006-cı il tarixdə “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb, 12 avqust 2007-ci ilin tarixdən isə fəaliyyətə başlayıb.
Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyası ləğv edilən, məhkəmə qərarı ilə müflis elan olunan və haqqında iflas prosesinə başlanan banklar müxtəlif dövrlərdə ADIF-in ləğvetməsinə verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!